“Qəbələ” ilə matçda uğursuz nəticə haqda düşünmürük” - Məhəmməd Mirzəbəyov
15.12.2019 - 12:22
“Qəbələ” ilə matçda uğursuz nəticə haqda düşünmürük” - Məhəmməd Mirzəbəyov

“Bizim üçün növbəti mərhələyə yüksəlmək vacibdir. Hər şeyi etməliyik ki, “Qəbələ”ni keçək. Hesabın necə olması isə vacib deyil”. 

Bunu apasport.az saytına “Sabah”ın təcrübəli müdafiəçisi Məhəmməd Mirzəbəyov deyib. 

Azərbaycan kubokunun 1/4 final mərhələsində bu gün “Sabah” “Qəbələ”nin qonağı olacaq. Mirzəbəyov “Qəbələ”nin yaxşı komanda olduğunu bildirsə də, komandasına da inandığını vurğulayıb: “Qəbələ” yaxşı futbol nümayiş etdirir. Çox maraqlı oyun olacağı dəqiqdir. Rəqibimiz yaxşı futbol nümayiş etdirsə də, biz də özümüzə çox inanırıq. Sona qədər mübarizə aparacağıq. “Qəbələ”ni keçə bilməsək böyük uğursuzluq hesab ediləcəkmi? Biz daha yaxşı nəticəyə ümid edirik və uğursuz nəticə haqda düşünmürük”.

Mövsümün əvvəlində edilən transferlərdən sonra Premyer Liqada yüksək pillələr uğrunda mübarizə aparacağı proqnozlaşdırılan “Sabah” cəmi 13 xal toplayaraq turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 29 yaşlı müdafiəçi liderlər sırasında yer ala bilməmələrini izah etməkdə çətinlik çəkib: “Səbəbin nə olduğunu konkret bilmirəm. Klub rəhbərliyi hər şeyin daha yaxşı olması üçün əlindən gələni edir. Amma bu, futboldur. Sonda yaxşı nəticələr qazanacağımıza ümid edirik”.

O, “Sabah”da müvəqqəti baş məşqçi İqor Ponomaryovun xorvatiyalı Jelko Sopiçlə əvəzlənməsinə də münasibət bildirib: “Mənim işim futboldur. Məşqçi məsələsinə gəldikdə, bu rəhbərliyin işidir, qərarı onlar verir. Hər məşqçinin öz oyun fəlsəfəsi var. Ümid edirik ki, yaxşı nəticələr qazanacağıq”.

2015-ci ildən milli komandamızda çıxış etməyə başlayan Mirzəbəyov 18 oyunda iştirak edib. Robert Prosineçkinin millimizdə baş məşqçi olduğu vaxtda komandanın əsas heyət üzvlərindən sayılan futbolçu xorvatiyalının milliyə mümkün qayıdışından da danışıb: “Prosineçkinin ancaq yaxşı xarakterlərini xatırlayıram. O, bizim mentalitetə çox yaxşı öyrəşdi və yaxşı da işlədi. Ümid edək ki, hər şey daha yaxşı olacaq”.

Qeyd edək ki, “Qəbələ” – “Sabah” oyunu saat 15:00-da start götürəcək.