Premyer Liqanın sürpriz komandası “Qəbələ”nin uğurlu çıxışı bir neçə aparıcı futbolçunun mövsümün sonunda ayrılmasına səbəb ola bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, “qırmızı-qaralar”ın məşqçilər korpusu indidən oyunçularına olan marağı nəzərə alaraq, transfer çalışmalarını sürətləndirib.
İsnik Alimi, Omar Hani, Fernan Lopes kimi yarımmüdafiəçilərin müqaviləsinin yaya qədər olması və Asif Məmmədovun yaşının çoxluğu bölgə təmsilçisini, xüsusən də, bu mövqeyə axtarışa vadar edib. Klubun transfer siyahısındakı bir oyunçu artıq bəllidir. Baş məşqçi Elmar Baxşıyevin maraqlandığı sima Yunanıstanın OFİ klubunun üzvü Adil Nabidir.
2019-cu ilin yanvarından OFİ-də çıxış edən 28 yaşlı orta sahə oyunçusu zədədən qayıtdıqdan sonra bu mövsüm əsas heyətdəki yerini qaytarmaqda çətinlik çəkdiyindən, komandasını dəyişmək niyyətindədir. Müqavilə müddəti gələn ilin yayına qədər olsa da, Krete təmsilçisi təklif gələcəyi təqdirdə onu azad agent kimi göndərməyə hazırdır.
Qeyd edək ki, “Vest Bromviç”in yetirməsi olan Adil Nabi ölkəsi İngiltərədə “Peterbro”, “Naniton Boro”, Hindistanda “Odişa” və Şotlandiyada “Dandi”nin şərəfini qoruyub. Əslən Pakistandan olan Nabi İngiltərənin U-16 və U-17 yığmasında da çıxış edib.