"Qollarımızı saymır, penaltilərimizi vermirlər" - Koçuk
23.11.2019 - 17:50
"Qollarımızı saymır, penaltilərimizi vermirlər" - Koçuk


Bakının “Səbail” klubunun futbolçusu Yevgeni Koçuk Azərbaycan Premyer Liqasının XII turunun “Sabah”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, moldovalı legioner öncə 1:3 hesablı məğlubiyyət barədə fikirlərini açıqlayıb.

- Qarşılaşma yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra keçirildi. Bərabər səviyyəli komandalar mübarizə aparırdı. Çətin matç oldu. Oyunda qol vurduq. Hesabı qorumalı idik. Lakin qırmızı vərəqə aldıq. Bir az diqqətsizlik etdik və nəticədə üç qol buraxdıq. Amma qarşılaşmanın əvvəlində mənə qarşı qayda pozuntusuna görə təmiz penalti verilməli idi. “Keşlə”ylə oyunda da qolumuzu saymamışdılar. Başa düşmürəm ki, niyə qollarımızı saymır, penaltilərimizi vermirlər. Niyə belə olması maraqlıdır.

- Artıq 8 oyundur qalib gəlmirsiniz. Bunun səbəbi nədir?
- Biz yaxşı oynayırıq. İmkanlarımız da olur. Lakin istifadə edə bilmirik. Hesab edirəm ki, hücuma daha çox diqqət ayırmalıyıq.

- Bugünkü qarşılaşmada öndə olsanız da, üstünlüyü əldən verdiniz. Matçı qələbə ilə yekunlaşdırmaq üçün komandaya nə çatmadı?
- Konsentrasiya çatmadı. Son 10 dəqiqədə uduzduq.

- Qırmızı vərəqə alıb, azlıqda qalmağımız nəticəyə təsir etdi?
- Təsir etdi. Amma 10 nəfərlə də hesabı 5 dəqiqə saxlamaq olardı.

- Qış fasiləsinə 2 tur qalıb. Son görüşlərdən nə gözləyirsiniz?
- Həmin matçlara köklənəcəyik. Meydana qələbə üçün çıxacağıq. Əlimizdən nə gəlir ki? Nəticələrimiz pisdir deyə çempionatda iştirak etməyək? Oyunları, səhvlərimizi analiz edəcəyik. Toparlanmağa, qalib gəlməyə çalışacağıq. 

- Komanda "qara zolaq"dan çıxa biləcəkmi?
- Əlbəttə. Niyə də yox?! Bizə bir qələbə lazımdır. Ardı gələcək.