"Real" zirvədə, "Qarabağ" 35-ci sırada
16.01.2020 - 17:53
"Real" zirvədə, "Qarabağ" 35-ci sırada

UEFA-nın 2018-ci illə bağlı hesabatı dərc olunub.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu həmin il sosial şəbəkələrdə ən çox izlənilən klubların adlarını açıqlayıb.

Araşdırma zamanı "facebook", "instagram", "twitter" və "youtube"dəki izləmələr nəzərə alınıb. Azərbaycan klubu "Qarabağ" da siyahıda özünə yer etməyi bacarıb. Ağdam təmsilçisi 2018-ci ildə Avropada ən çox təqib edilən 35-ci klub olub.

Siyahıya İspaniya təmsilçiləri başçılıq edirlər. "Real" birinci, "Barselona" isə ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü İngiltərə təmsilçisi "Mançester Yunayted" qapayıb.

İlk "10-luq"dakı digər komandalar müvafiq olaraq, "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Bavariya" (Almaniya), "Arsenal" (İngiltərə), PSJ (Fransa), "Liverpul" (İngiltərə) və "Mançester Siti"dir (İngiltərə).

Ümumilikdə, 41 klubun adının olduğu cədvəldə Türkiyə təmsilçilərindən "Qalatasaray" 12-ci, "Fənərbaxça" 17-ci, "Beşiktaş" isə 19-cu olub.