"Sabah"la oyuna hansı heyətlə çıxacağımızı bilmirik” - Aftandil Hacıyev 
21.11.2019 - 09:40
"Sabah"la oyuna hansı heyətlə çıxacağımızı bilmirik” - Aftandil Hacıyev 

"Səbail" "Sabah"la oyuna ciddi itkilərlə hazırlaşır. 

Bu haqda apasport.az-a Bayıl təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib. 

Gənc mütəxəssis çempionat oyununa natamam heyətlə hazırlaşdıqlarını bildirib: "Komandanın 4 üzvü yığmaların düşərgəsindən yeni qayıdıb. Ağabala Ramazanovla Şəhriyar Rəhimov bizim, Yevgeni Koçuk Moldovanın əsas milli komandasının, Turan Manafov isə U-21-in heyətində idi. Bundan başqa, Mirabdulla Abbasov son yoxlama oyununda zədələnib, məşqlərdə iştirak etmir. Maykl Essyen isə ayağının baş barmağındakı köhnə zədədən əziyyət çəkir. Həmçinin, daha bir futbolçumuz cəza səbəbindən növbəti turda iştirak etməyəcək. Ağabala sarı vərəqə limitini doldurub. Bir sözlə, "Sabah"la oyuna hansı heyətlə çıxacağımızı bilmirik". 

Hacıyev növbəti turda uzun müddətdir zədədən əziyyət çəkən 2 legionerin xidmətindən yararlana biləcəyini də sözlərinə əlavə edib: "Bu mövsüm bizə kömək edə bilməyən Aleksandr Rıbka və ilk turda zədələnən braziliyalı müdafiəçi Eriko da Silva sıraya dönüb. Onları beş gün əvvəl "Qəbələ" ilə yoldaşlıq görüşünün gedişində meydana buraxdım. 2:3 hesabı ilə uduzduğumuz görüşdə Mirabdulla penaltidən fərqləndisə, digər qola məhz Eriko imza atdı. Tam hazır olmasalar da, "Sabah"la oyunda siz onları meydanda görə bilərsiniz". 

Aftandil Hacıyev bir ay sonra başlayacaq qış hazırlıq dövrü üçün indidən plan qurduqlarını da əlavə edib: "Təlim-məşq toplanışının təşkili ilə bağlı təkliflərimizi rəhbərliyə təqdim etməyə hazırlaşırıq. İstərdik ki, heç olmasa yoxlama oyunları üçün ölkə xaricinə yollanaq. Transfer çalışmaları ilə bağlı isə dəqiq nəsə demək çətindir. Çünki rəhbərlik hələ yayda bildirmişdi ki, mövsümü böyük ölçüdə, mövcud heyətlə başa vurmalı, əsasən yerli futbolçulara bel bağlamalıyıq. O vaxtdan bu günə şərtlərdə dəyişən nəsə yoxdur. Fasilə ərəfəsində rəhbərliklə bunu bir daha müzakirə edəcəyik".

Qeyd edək ki, "Səbail" "Sabah"la noyabrın 23-də üz-üzə gələcək.