“Spartak” Bakıda oynamaq üçün AFFA ilə razılığa gəlib” – sabiq qapıçı
28.02.2022 - 13:00
“Spartak” Bakıda oynamaq üçün AFFA ilə razılığa gəlib” – sabiq qapıçı

“Bakı “Spartak” üçün yaxşı variantdır. Uzağa uçmaq lazım deyil”.

Apasport.az saytının məlumatına görə, bunu Moskva “Spartak”ının sabiq qapıçısı Anzor Kavazaşvili deyib.

SSRİ yığmasının keçmiş oyunçusu Avropa Liqasının 1/8 final mərhələsində “Spartak” – “Leypsiq” matçının Bakıda keçirilmə ideyasını dəstəkləyib.

82 yaşlı Kavazaşvili bunun “Spartak” üçün üstünlük olacağını düşünür: “Azərbaycanda Moskva klubunu sevən dəyərli insanlar çoxdur. Düşünürəm ki, azərbaycanlılar “qırmızı-ağlar”ın tərəfində olacaq. Görünən odur ki, “Spartak” orada oyun keçirmək üçün artıq yerli assosiasiya (AFFA) ilə razılığa gəlib. Yekun qərarı gözləyəcəyik”.

Tbilisi “Dinamo”sunun yetirməsi qarşılaşmanın Gürcüstanda baş tutmasına da qarşı deyil: “UEFA nümayəndəsi “Leypsiq”lə danışıq aparacaq. “Leypsiq” bu variantı qəbul etməyə bilər. Təyyarələrimiz Avropaya buraxılmadığından UEFA prinsipcə, “Spartak”ın təklifi ilə razılaşmaq məcburiyyətində qalacaq. Mən Gürcüstanda fəxri vətəndaş olduğum üçün oyunu Batumidə keçirməyi təklif etdim. Batumidə gözəl və ən yeni stadion var. Görüşün təşkilinə kömək etməyi, danışıqlar aparmağı təklif etdim”.

Qeyd edək ki, “Spartak”la “Leypsiq” arasında martın 17-də Moskvada keçirilməli olan cavab matçının Bakıya salınması variantı müzakirə olunur.