Azərbaycan futbolu illərdir o dərəcədə anormal, həvəskar səviyyədə (layiq olduğu kimi) idarə olunur ki, artıq hamı üçün bu hal adiləşib.
XXI əsrdə yaşamağımıza baxmayaraq, futbolumuz da, ona yön verənlər də XX əsrdə qalıb. Çünki hələ də futbola “şah qanundur” ifadəsi daha yaxşı “oturur”. Bu sahədə çalışanlar müstəqilliyin ilk ilindən qeyri-peşəkar idarəçiliyindən əl çəkməyib. İdarəçilər, adlar dəyişib, amma qurumun adı kimi, iş metodu eyni qalıb. Əvvəlkilərdən fərqli, hazırkı idarəçilər də Əsasnaməni, bildikləri futbol kitablarını elə göstərmək istəyirlər ki, guya qayda-qanuna əməl edirlər. Amma həvəskar addımlarından əl çəkmirlər. “Qaradağ Lökbatan”ın Premyer Liqaya vəsiqə qazanması kimi. Anormallıq bu komandanın elitaya vəsiqəni təmin etməsi deyil, bunu bacardığı halda elitaya buraxılmayacağını bilməsidir.
AFFA hər oturub-duranda “peşəkarlıq”dan dəm vurur. Əgər peşəkarsınızsa, o zaman “Qaradağ Lökbatan”ın Premyer Liqada iştirakını təmin edin. Daha lisenziyalaşdırma şərtlərini bəhanə gətirib istədiyiniz havanı çalmayın. Məgər birinci divizionda 8-10-cu yerlərdə gedən “Kəpəz”lə “Turan Tovuz” bu şərtləri yerinə yetirmək gücündədir? Əlbəttə, Gəncənin, Tovuzun, Zaqatalanın, Şəmkirin, Yevlaxın, Lənkəranın və digər rayonların Premyer Liqada komandasının olmasını hamı istəyir. Ancaq sırf bölgə komandası olsun xatirinə bunu etmək ancaq həvəskar düşüncədə olanlara yaraşar.
Guya bilmirik ki, “Kəpəz”in, “Turan Tovuz”un sponsoru elə AFFA özüdür? Bunu təmin etmək üçün də “Zaqatala”nı min bir bəhanə ilə “qırır”, bank təminatı istəyirlər. Axı “Kəpəz”lə “Turan Tovuz”un sponsorunun olmadığını jurnalist də, azarkeş də, hətta nəyinsə xatirinə susmağı üstün tutan mütəxəssis də gözəl bilir. Bu pulu, onsuz da, verirsən. Heç olmasa haqqı olana ver, Əsasnaməni də pozma. 8-ci, 10-cu yerlərdə gedənlər hansı peşəkar meyarlarla elitaya gətirilir?
AFFA-nın bu idarəçiliyi uşaq vaxtı məhlədə qoyulan qanunlardan fərqlənmir. Məhlədə də topu olanın hər sözü qanun idi, kimi istəyirdi qapıya keçirdirdi, istədiyi vaxt da “mən getdim evə” deyib, oyunu yarımçıq bitirirdi. İndi assosiasiya da “siz ilboyu özünüz üçün oynayın, axırda istədiyimi məsləhət bildiyim yerə keçirəcəm” deyir. Artıq neçə ildir birinci divizionda haqqı olan Premyer Liqa üzünə həsrət qoyulur. Budəfəki fərq ondadır ki, aşağıdan yuxarıya gələnlər olacaq, amma başqalarının haqqını tapdalamaqla.
Buna görə də, “Qaradağ Lökbatan”ın Premyer Liqaya vəsiqə qazanması münasibətilə “Kəpəz”ə, “Turan Tovuz”a və onlara arxa-dayaq duranlara təbrik düşür.
İbrahim Rəsul