Estoniya millisinin futbolçusu Conas Tamm karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi Premyer Liqa klublarına təklif olunub.
Müqavilə ilə “Vorskla”ya məxsus olan mərkəz müdafiəçisi Ukraynadakı hərbi gərginlik səbəbindən ötən ay mövsümün sonuna qədər “Flora”ya icarəyə verilib. Tamm “Vorskla” ilə müqaviləsi gələn ilin yayına qədər olsa da, Ukraynaya qayıtmaq niyyətində deyil. Bu məqsədlə rəhbərlikdən mövsümün sonunda sözləşməsinə xitam verilməsini istəyəcək.
Bunu nəzərə alan futbolçunun meneceri onun xidmətini Azərbaycanda avrokuboklara iddia edən klublara təklif edib. Hansı klubla maliyyə məsələsində ortaq məxrəcə gəlinsə, yanvarda transfer qiyməti 800 min avro olan Tamm yayda azad agent kimi müqavilə bağlayacaq.
Qeyd edək ki, Conas Tamm karyerası ərzində Ukrayna ilə yanaşı, İtaliya, İsveç, Norveç və Polşada legioner həyatı yaşayıb. Futbolçu 2011-ci ildən bəri Estoniya yığmasının heyətində 48 oyunda 3 qol vurub.