"Yorğunluq var, amma rotasiya imkanımız da yoxdur" - Tərlan Əhmədov
30.11.2019 - 19:38
"Yorğunluq var, amma rotasiya imkanımız da yoxdur" - Tərlan Əhmədov

"Ötən turda məğlub olduqdan sonra çalışırdıq ki, daha çox psixoloji hazırlığa üstünlük verək. Bu gün də bunun bəhrəsini gördük”. 

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XIII turunun “Sumqayıt”la oyunundan sonra mətbuat konfransında iştirak edib. 48 yaşlı mütəxəssis 2:1 hesablı qələbəyə şərh verib: “Qələbə bizim üçün vacib idi. Qış fasiləsinə 3-cü yerdə getmək istəyirdik. Komandanın mübarizəsi xoşuma gəldi”. 

T.Əhmədov nəticədən razı qalsa da, daha yaxşı oyun istədiyini gizlətməyib: “Yorğunluq var, amma rotasiya imkanımız da yoxdur. Tərlan Quliyev uzun müddət yox idi. Bu gün onun da oyunu xoşuma gəldi. Bu oyunda əsl mübarizəli "Keşlə" gördüm. Qələbə qələbədir. Futbolçulara təşəkkür edirəm. Komandamın daha yaxşı futbol oynayıb, qələbə qazanmasını istəyirəm”. 

Mütəxəssis bildirib ki, qış transfer pəncərəsində heyət gücləndiriləcək: “Qış fasiləsində yeni futbolçular mütləq olacaq. Hər mövqeyə 2 oyunçu istəyirəm ki, lazım olanı edə bilim"

T.Əhmədov Azər Salahlıya müdafiədə şans verməməsinin səbəbinə də aydınlıq gətirib: "Azər Salahlı mərkəz müdafiəçisi oynayan zaman komanda "Baltsan"dn 4 qol buraxıb. Azər sol cinah üçündür. Mərkəzdə mənə daha təcrübəli oyunçu lazımdır. Rəşad daha əvvəl də bu mövqedə oynayıb. Bu, mənim qərarım idi. Bir şey problem idi ki, Ruslan Qurbanova nəsə olsa, mən kimi oynadacağam. Rəşadın meydançada olması komanda üçün böyük uğur idi".