Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün qış çempionu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunun qış fasiləsinə lider kimi yollanacağı dəqiqləşib.
Buna XII turun son oyun gününün ilk qarşılaşması səbəb olub. “Zirə”nin “Keşlə” ilə ev oyununda qalib gəlməsi “Qarabağ”ın 2019-cu 1-ci pillədə başa vurmasını rəsmiləşdirib.
Mövsümün ilk yarısının sonuna iki tur qalsa da, Qurban Qurbanovun yetirmələri izləyiciləri üçün əlçatmaz olub. “Qarabağ”ın hesabında 27 xal var.
“Zirə”yə uduzan “Keşlə” liderdən 8 xal geridədir və bunun iki tura aradan qaldırılması mümkün deyil.
Düzdür, 3-cü pillədə olan və bu gün “Qəbələ”ni qəbul edəcək “Neftçi” xal fərqini 6-ya endirə bilər. Bu, bakılıların qış fasiləsinə qədər “Qarabağ”a çatması üçün nəzəri şanslar yaradır.
Lakin “ağ-qaralar” liderə çatsa da, keçə bilməyəcək. Çünki şəxsi oyunlar əyalət təmsilçisinin xeyrinədir – 0:0, 2:0.
Qeyd edək ki, “Zirə” “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib.