"Hazırlıq dövründəki ilk oyunumuz idi. "Ümraniyəspor"la matçda yaxşı imkanlarımız da var idi. Türkiyə klubu daha yaxşı oynadı və üç qolla qalib gəldi".
Bunu apasport.az saytına "Zirə"nin qapıçısı Boyan Zoqoviç deyib.
Qəsəbə təmsilçisi Türkiyə toplanışı çərçivəsində ilk yoxlama görüşündə Türkiyə birinci liqa təmsilçisi "Ümraniyəspor"la qarşılaşmadan 0:3 hesablı məğlubiyyətlə ayrılıb. Zoqoviç nəticənin vacib olmadığını, hazırlıqlarını davam etdiklərini bildirib: " Qarşıda bizi "Napredak" və "Sepsi" ilə də yoxlama görüşü gözləyir. Hər ikisi də yaxşı komandalardır. Bizim üçün münasib rəqiblər olacaq. Daha yaxşı çıxış edib, çempionata hazır olacağımıza inanıram".
Monteneqrolu qolkiper "Zirə"nin yeni transferləri - Ağabala Ramazanov, Davit Vilkov və Ali Sesayın komandaya xeyirli olacağına inam ifadə edib: "Transfer pəncərəsi" açılandan yaxşı transferlərimiz olub. Ağabala və Volkovu Premyer Liqadan tanıyıram. Alinin də bizə kömək olacağını düşünürəm. Hər üç transfer komandanın ən yaxşı nəticələr üçün komandaya xeyirli olacağını fikirləşirəm. Güclü komandamız var. "Zirə"nin Avropa Liqasına yollanması üçün hamımız əlimizdən gələni edəcəyik".