“Əgər problemi baş məşqçi demirsə...” – Rahid Əmirquliyev
08.12.2019 - 17:35
“Əgər problemi baş məşqçi demirsə...” – Rahid Əmirquliyev

“Bizə vəziyyətdən çıxmaq üçün bir qələbə lazımdır. Qalib gəlib, özümüzə gəlməyə çalışırıq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in futbolçusu Rahid Əmirquliyev deyib. 

O, Azərbaycan Premyer Liqasının XIV turunda “Zirə”yə 1:4 hesablı məğlubiyyəti şərh edib. 30 yaşlı yarımmüdafiəçi bildirib ki, qapılarında erkən qol görmələri planlarını pozub: “Meydana qələbə istəyi ilə çıxmışdıq. Lakin tez qol buraxdıq. Sonra toparlana bilmədik. Fasilədən sonra dəyişikliklə bağlı isə nəsə deyə bilmərəm. Bunu rəhbərlik bilər. Amma mənim fikrimcə, heyət güclənməlidir. Nəyəsə nail olmaq istəyiriksə, komandaya yeni nəfəs gəlməlidir”. 

Klubdaxili problemlərin olduğunu etiraf edən vitse-kapitan qış fasiləsindən sonra proqnoz verməyə çətinlik çəkib: “Əgər problemi baş məşqçi demirsə, deməli nəsə var ki, ehtiyac görmür. Əlbəttə, böyük hesabla uduzduq. Bunu heç kim istəmirdi. Ancaq bu futboldur. Qəbələdə də böyük hesabla uduzmuşduq. Lakin sonra toparlana bilmişdik. Qarşıda "Zirə" ilə kubok matçımız var. İlk oyun evdədir. Çalışacağıq ki, hər şey yaxşı alınsın və mərhələ adlayaq”.