“Əlimizdən gələni edəcəyik ki, "Qarabağ"ı keçək” – “Neftçi”nin müdafiəçisi
24.12.2019 - 15:19
“Əlimizdən gələni edəcəyik ki, "Qarabağ"ı keçək” – “Neftçi”nin müdafiəçisi

"Əlbəttə ki, çıxışımızdan razı deyilik. Oyunlarda istədiyimizi sərgiləyə bilmədik. Biz heç nədən xallar itirdik".

Bu sözləri apasport.az saytına açıqlamasında "Neftçi"nin müdafiəçisi Tural Axundov deyib.

Cari mövsüm də çempionluq uğrunda mübarizə aparan "ağ-qaralar” çempionatın ilk yarısını 2-ci pillədə başa vurub. T.Axundov "Qarabağ"dan altı xal geridə olmalarına baxmayaraq, birinci pilləyə yüksələ biləcəklərinə inandığını deyib: "Hər oyuna qələbə üçün çıxırıq. Xallar itirməsəydik indi birinci pillədə olardıq. Əlimizdən gələni edəcəyik ki, "Qarabağ"ı keçək. Hər şey özümüzdən asılıdır. Futbolda da hər şey mümkündür. Çalışacağıq ki, birinci pilləni tutaq. Başqa heç nə fikirləşmək lazım deyil. Məncə, bunu hamı dərk etməlidir. "Qarabağ"ın öz taktikası var, yaxşı komandadır. Biz hər şeyin ən yaxşısını etməliyik ki, onları keçək”.

T.Axundov mövsümün ilk yarısında Premyer Liqada 10 oyun keçirib və 1 qol vurub.

Ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qarşılaşan "Neftçi" evdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa bilmədiyi üçün kubokdakı çıxışını dayandırıb. Müdafiəçi həmin oyunlarla bağlı fikirlərini bildirib: "Nəyə görə belə olduğunu bilmirəm. Qol epizodlarımız oldu, sadəcə istifadə edə bilmədik. Sadəcə top Mehdi Cənnətovun üstünə gedirdi. Bəxt də "Sumqayıt"ın tərəfində idi, çox məyusuq. Əslində epizodları istifadə etsək, hər oyundan 5-6 qolla ayrıla bilərik, ancaq top qapıya girmir ki, girmir".

Sonda isə 31 yaşlı futbolçu Roberto Bordinin baş məşqçi postundan gedib-getməyəcəyilə bağlı məsələyə bu cür şərh verib: "Hər məşqçinin öz taktikası var. Necə olacağını bilmirəm. Bu bizim işimiz deyil. Bizim işimiz futbol oynamaqdı".