(S)Onuncu
18.11.2019 - 15:32
(S)Onuncu

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsinin X turunun Slovakiya ilə matçı milli komandanın tarixində 256-cı qarşılaşma olacaq.

İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 255 matça çıxıb. Hesabında 49 qələbə, 69 heç-heçə olan yığma 137 dəfə uduzub. Komandamız səfərdə xal qazansa, ya qələbə, ya heç-heçə sayında yubileyə imza atacaq. Bu müddətdə 192 qol vuran futbolçularımız 430 top buraxıb.

Slovakiya ilə qarşılaşma rəsmi turnirlərdə 132-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 131 oyuna çıxan komanda 15 qələbə qazanıb, 27 heç-heçə edib və 89 dəfə uduzub. Trnavada qeydə alınacaq məğlubiyyət bu siyahıda 90-cı olacaq. Rəqib qapılarına 77 qol vuran futbolçularımız 273-nü buraxıb.

Avropa çempionatlarının seçmə mərhələlərində 68-ci dəfə meydana çıxacaq yığma indiyədək 6 qələbə qazanıb, 10 heç-heçə edib. 51 dəfə uduzan milli 41 qol vurub, 163-nü buraxıb.

Slovakiya ilə qarşılaşma həm 2019-cu ildə, həm də baş məşqçi Nikola Yurçeviçin bu postda 10-cu görüşüdür. Əvvəlki 9 matçda 1 qələbə və 2 heç-heçə görən xorvatiyalı 6 məğlubiyyətə üzülüb. 8 qol vuran komanda öz qapısından 18 top buraxıb.

2019-cu ildəki 10-cu qarşılaşma həm də sonuncu sınaq olacaq. Bu, baş məşqçiyə də aid ola bilər. Uğursuz nəticələrdən sonra N.Yurçeviçin də 10 oyundan sonra postundan uzaqlaşdırılması istisna deyil.

Bu uğursuzluq əsasən seçmə oyunlarına aiddir. 7 belə görüşdə 1 heç-heçə və 6 məğlubiyyətlə üzləşən N.Yurçeviç 8-ci matçda ilk qələbə arzusundadır. 7-ci dəfə yenilgi ilə üzləşmək onun postu ilə vidalaşması ilə nəticələnə bilər. Bu qarşılaşmalarda millinin top fərqi 5-15-dir. 

Qeyd edək ki, Slovakiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.