“Bakı” “Neftçi” üçün Premyer Liqada ən çətin rəqibdir
29.03.2008 - 15:03
“Bakı” “Neftçi” üçün Premyer Liqada ən çətin rəqibdir
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. “Bakı” Azərbaycan Premyer Liqasında “Neftçi”ni üstələyən yeganə komandadır. “APA-Sport” agentliyinin məlumatına görə, sabah flaqmanın rəqibi olacaq həmşəhərliləri son 4 ildə rekord sayda – 3 oyunda “Neftçi”yə qalib gəlib. Əvvəl “Dinamo” adlanan komanda adını dəyişdiyi 2004-cü ildən sonra keçirdiyi 7 görüşün 2-də flaqmana uduzub, 2-də heç-heçə edib. Yeni ad altında “Neftçi”ni top fərqində də üstələyən (10-5) “Bakı” yalnız sələfinin hesabına paytaxt derbisində müsbət balansı əldən verir. “Bakı”nın braziliyalı hücumçusu Leandro Qomeş 3 dəfə rəqibini qolla cəzalandırıb. Maraqlıdır ki, L.Qomeşin qol vurduğu oyunların hamısında “Bakı” qələbə qazanıb. Əhməd Ticani isə Azərbaycan karyerasında “Neftçi”yə qarşı keçirdiyi 5 matçda 5 qol vurub. Qeyd edək ki, bu komandaların flaqmanın meydanında keçirilən oyunlarında 8 ildir 1-dən çox qol vurulmur. Son dəfə 2000-ci il noyabrın 11-də “Neftçi” – “Dinamo” görüşündə 2 qol qeydə alınıb – 1:1.
0