Valentin Xodukin: “Demyanenkonun qələbə seriyasını qırmağımı adi qəbul etdim”
10.04.2008 - 11:34
Valentin Xodukin: “Demyanenkonun qələbə seriyasını qırmağımı adi qəbul etdim”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Anatoli Demyanenkonun qələbə seriyasını qırmağımı adi qəbul etdim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan kubokunun ilk yarımfinal oyununda “Neftçi” ilə məhsuldar heç-heçə (2:2) edən “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı məşqçi bildirib ki, rəqib komandanın sükanı arxasında olan həmyerlisi Anatoli Demyanenkonun seriyasını dayandırması ilə öyünmək fikrində deyil: “Xarakterim buna imkan vermir. Mən özündən razı yox, yumşaq təbiətli insanam. Demyanenko ilə Ukraynadakı görüşləri yada salmıram. Bunlar artıq keçmişdə qalıb. Sadəcə, Demyanenkonun komandası ilə ötən ay 0:2 hesabı ilə məğlub olduğumuz oyundan ciddi nəticə çıxartmışdım. Düzdür, “Neftçi” ilə kubok matçının 5-ci dəqiqəsində də hesabda 0:2 geridə idik. Ancaq bu, daha çox psixoloji faktorla bağlı idi və komandam belə uğursuz başlanğıcdan sonra toparlana bildi. Cavab görüşü öncəsi rəqib meydanında qol vurmaq haqda düşündüyümüz halda, sonda məğlubiyyətdən də xilas olduq”. “Neftçi”yə qarşı necə oynamağın lazım olduğunu yaxşı bildiyini deyən V.Xodukin kubokun finalına çıxmaq şanslarını bərabər sayır: “Cavab oyununda hər şey sıfırdan başlayacaq. Öz meydanımızda məğlubiyyət səfərdəki əziyyətimi heçə endirəcək. “İnter” gücünü cavab görüşündə də göstərmək fikrindədir”.
0