“Bakı”nın baş məşqçisi qələbə qazana bilmədiklərinə görə hakimləri ittiham edib
19.04.2008 - 12:28
“Bakı”nın baş məşqçisi qələbə qazana bilmədiklərinə görə hakimləri ittiham edib
Makedoniyalı mütəxəssis “Karvan”la sabah keçiriləcək çempionat matçına təyinat alan FİFA hakimi Fariz Yusifovdan yaxşı idarəçilik gözlədiyini bildirib: “İstəyim obyektiv idarəçilikdir. Qələbə qazana bilmədiyimiz son matçlarda hakimlər nəticəyə təsir edən kobud səhvlərə yol veriblər”. “Karvan”ın sükanı arxasında olan həmkarı Yunis Hüseynovu tanıdığını deyən Q. Hacievski qələbə şansını yüksək sayır: “Karvan” da bizim kimi “Ədliyyə” stadionunda məşq etdiyindən, bu komanda ilə tez-tez qarşılaşırıq. Yunis Hüseynovun ilk dövrədə “Standard”ın baş məşqçisi kimi “Bakı” ilə 1:1 hesabı ilə başa çatan görüşünü stadiondan izləmişdim. Məhz həmin matçdan sonra “Bakı”nın sükanı arxasına keçdim. “Karvan” turnir cədvəlinin sonlarına yaxın yer alsa da, çətin rəqibdir. İlk dövrədə Yevlaxdakı oyunda bunun şahidi olduq. Təsadüfi deyil ki, həmin matçda qələbəni çətinliklə əldə etdik. Sabahkı görüşdə də qələbə qazanmaq şansımız rəqiblə müqayisədə yüksəkdir”.
Qeyd edək ki, “Bakı” ölkə kubokunun oyunlarını da nəzərə alsaq, 7 oyundur qələbə qazanmır.
0