Xaqani Məmmədov: “İmanxan Sultaninin ilk dövrədə “Xəzər-Lənkəran” – “Standard” oyununu necə idarə etməsi məni maraqlandırmır”
19.04.2008 - 13:11
Xaqani Məmmədov: “İmanxan Sultaninin ilk dövrədə “Xəzər-Lənkəran” – “Standard” oyununu necə idarə etməsi məni maraqlandırmır”
Bakı. Mehman Süleymanov – APA-Sport. “İmanxan Sultani ilk dövrədə keçirilən “Xəzər-Lənkəran” - “Standard” oyununda idarəçiliyinə görə cəzasını alıb. O bu komandaların sabahkı görüşündə də səhv etsə, daha ağır cəzalanacaq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Qurumun yeni rəhbəri sabiq FİFA hakimi İmanxan Sultaninin “Standard”la “Xəzər-Lənkəran”ın görüşünə yenidən təyinat almasına görə narahat olmadığını bildirib: “Sultani ilk dövrədə bu komandaların Lənkərandakı oyununda necə hakimlik etməsi artıq keçmişdə qalıb. Bu məni maraqlandırmır. Mən hakimlərə də dedim ki, hər şey sıfırdan başlayır. Sultani köməkçiləri ilə birgə meydana çıxıb, obyektiv idarəçilik edəcək”. FİFA hakimi Vüsal Əliyev də İ. Sultani kimi, bu tur ilk dövrədə meydana çıxardığı komandaların görüşünə təyinat alıb. V. Əliyevin “Neftçi” ilə “Simurq”un ilk dövrədə də görüşünü idarə etməsindən xəbərsiz olan X. Məmmədov gələcəkdə belə təyinatların təkrarlanmamasını nəzərə alacaqlarını söyləyib. Bakıda keçirilən oyunda qapısına iki penalti zərbəsi təyin edilən, bir futbolçusuna isə qırmızı vərəqə göstərilən “Simurq” “Neftçi”yə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın “Standard” ilə 2:2 hesabı ilə başa çatan görüşdə idarəçiliyindən ciddi narazı qaldığı İ. Sultani isə 5 oyunluq cəzalandırılıb.
0