“Volfsburq” klubunun hücumçusu: “Azərbaycan millisini məğlub etməyə borcluyuq”
24.04.2008 - 16:24
“Volfsburq” klubunun hücumçusu: “Azərbaycan millisini məğlub etməyə borcluyuq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycanı məğlub etməyə borcluyuq”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Bosniya və Herseqovina milli komandasının hücumçusu Edin Dzeko deyib. Almaniyanın “Volfsburq” klubunun 23 yaşlı futbolçusu formasını geydiyi yığmasının qarşıdakı yoxlama matçları haqda danışıb. Hücumçu əvvəlcə mayın 27-də Almaniyanın Ştutqart şəhərində Polşa ilə oyundakı şanslarını qiymətləndirib: “Qitə çempionatının seçmə mərhələsini uğurla keçən komanda ilə qarşılaşdığımızı yaxşı başa düşürük. Polşa millisinin iki oyunçusunu – komanda yoldaşım Yatsek Krjınovek, həmçinin Eusebiuş Smolyareki yaxşı tanıyıram. Yaxşı ki, bu matç neytral meydanda keçirilər. Düşünürəm ki, polşalılara layiqli müqavimət göstərməklə yanaşı qənaətbəxş nəticə də əldə edə bilərik”. Cari mövsüm Almaniya Bundesliqasında keçirdiyi 19 oyuna 5 qol vuran E.Dzeko əvvəllər vətənində “Jelezniçar”, Çexiyada isə “Teplitse”nin şərəfini qoruyub. “Volfsburq” klubunun 9 nömrəli oyunçusu iyunun 1-də keçiriləcək matçla bağlı fərqli fikir söyləyib: “Polşadan fərqli, Azərbaycan yığması ilə öz meydanımızda Bosniya və Herseqovinada görüşəcəyik. Bu da bizim üçün arzulanan üstünlükdür. Qələbə qazanmağa məhkumuq”.
Qeyd edək ki, E.Dzeko milli komandada keçirdiyi 9 matçda 1 qol vurub.
0