Georgi Nikolov: “Nə qədər ki, “İnter”in prezidentiyəm, komandanın adının dəyişdirilməsinə qarşı çıxacağam”
24.04.2008 - 17:22
Georgi Nikolov: “Nə qədər ki, “İnter”in prezidentiyəm, komandanın adının dəyişdirilməsinə qarşı çıxacağam”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. Onun sözlərinə görə, AFFA prezidenti tərəfindən klubların adlarına əlavələrin edilməsi təklifi absurddur: “Ola bilər ki, mən əcnəbiyəm, düzgün fikirləşmirəm. Hər halda, bunu tamamilə doğru olmayan qərar sayıram. Çünki ad məsələsi birbaşa klubların səlahiyyətinə daxildir. Klubun necə adlandırılması ilə bağlı təsisçilər qərar verməlidir, AFFA yox”.
G.Nikolov rəhbərlik etdiyi komandanın adının təsadüfən seçilmədiyi bildirib: “Təsisçilər bu adı seçərkən, tutarlı arqumentlərə əsaslanıblar. Diktatorsayağı təkliflə çıxış etmək düzgün deyil. Bəs, “Neftçi”nin adı niyə dəyişdirilmir? Komandamız milli çempionatda xeyli vaxtdır çıxış edir. Gələn il 5 yaşımız tamam olur. Belə çıxır ki, yubileyimizi başqa adla qeyd edəcəyik? Ümumiyyətlə, adın nə vaxt dəyişdirilməsi, konkret nə adlandırılması ilə bağlı tam anlaşılmaz vəziyyətdəyəm. Nə qədər ki, “İnter”in prezidentiyəm, komandanın adının dəyişdirilməsinə qarşı çıxacağam”.
Qeyd edək ki, AFFA prezidenti Rövnəq Abdullayev “İnter” klubunun “İnter-Keşlə” adlandırılmasını təklif edib.
0