Zeynal Məmmədov: “Bizdən fərqli olaraq, “İnter”, “Olimpik” və “Standard” klublarının adları Azərbaycan mentalitetinə uyğun deyil”
24.04.2008 - 18:07
Bakı. Mehman Süleymanov – APA-Sport. “İnter”, “Olimpik”, “Standard” klublarının adını dəyişdirilməsini başa düşmək olar. Çünki bu komandaların adları Azərbaycan mentalitetinə uyğun gəlmir. Ancaq bizim komandanın adının dəyişdirilməsi doğru deyil”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib. Onun sözlərinə görə, paytaxtı təmsil edən klubun adının dəyişdirilməsi heç bir məntiqə sığmır: “Klubumuzun necə adlandırılması ilə bağlı müxtəlif variantları nəzərdən keçirdik. Sonda isə “Bakı” adını seçdik. Çünki Bakı Azərbaycanın paytaxtı, tarixi, mədəniyyətidir. Bundan sonra komandamızın “Lokomotiv-Biləcəri” adı altında çıxış etməsinə isə lüzum görmürəm. Bizə baza, stadion tikmək üçün Qaraçuxur qəsəbəsində yer ayrılıb. Biləcəri adlanacağıqsa, belə çıxır ki, orada stadion inşa etməliyik? Bundansa, “Qaraçuxur” adlandırılmağımız daha düzgün olardı”.
0
0