Ramin Musayev: “Futbolçularımızda inam ölüb”
24.04.2008 - 18:12
Ramin Musayev: “Futbolçularımızda inam ölüb”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Almaniyalı hakimlərdən yenə narazı qaldıq. Şəxsi fikrim belədir ki, Babak Rafatinin idarəçiliyinin qiyməti ikiyə bərabərdir”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev deyib. Onun sözlərinə görə, “İnter”lə Azərbaycan kuboku uğrunda cavab yarımfinal görüşünün videoyazısını izləyərkən, çoxlu qüsurların şahidi olublar: “İnter”in futbolçusu Elvin Məmmədov üç dəfə Ramal Hüseynova qarşı kobud oynadığı halda, almaniyalı ona yalnız şifahi xəbərdarlıq edir. Hüseynov bir dəfə kobud oynayan kimi, ona dərhal sarı vərəqə göstərilir. Almaniyalı hakimin əllə oyun, ofsaydlarla bağlı da kifayət qədər səhv qərarları olub”. Almaniyalı hakimlərin yalnız “Neftçi”nin oyunlarına gətirilməsindən narazı olan R.Musayev qol epizodlarını reallaşdıra bilmədiklərinin günahını ədalət təmsilçilərində görmür: “Qol vura bilmiriksə, bunun hakimdə günahı yoxdur. Sadəcə, futbolçularımızda inam ölüb. Hesab edirəm ki, komandada psixoloji durum çempionatın sonunadək davam edəcək. Son dörd oyunda qələbə qazana bilməməyimizi, kubokdan kənarda qalmağımızı, mövsümü yenə titulla başa vurmaq təhlükəsini mövsümdə üç baş məşqçi dəyişməyimizlə bağlamazdım. Belə olsaydı, ikinci dövrədə dalbadal qələbə qazanmazdıq”.
0