Valentin Xodukin: “Nəyə görə növbəti zərbəni “Olimpik”ə vurmamalıyıq?”
25.04.2008 - 12:57
Valentin Xodukin: “Nəyə görə növbəti zərbəni “Olimpik”ə vurmamalıyıq?”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Çoxlarının “İnter”i “Olimpik”in büdrədə bilən komanda hesab etdiyini bilirik. Bu, bizim üçün həm ürəkaçan, həm də məsuliyyətli haldır. Sözsüz ki, biz liderlə görüşə yalnız və yalnız qələbə qazanmaq üçün çıxacağıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. “Olimpik”lə ilk dövrədəki oyunu xatırladan ukraynalı mütəxəssis Zabrat qəsəbə stadionunda baş tutan görüşdən ciddi nəticə çıxarıb: “Əslində, həmin matçda nəticə oyuna görə olmadı. Çünki 90 dəqiqə hücum etdiyimiz halda, sonda 0:1 hesabı ilə uduzduq. Yerinə yetirdiyimiz künc zərbəsindən sonra təşkil edilən əks-hücum qolla nəticələndi. Bu epizodda müdafiəçi və qapıçımız kobud səhvə yol verdi”. V.Xodukin bildirib ki, həmin oyunda “Olimpik”in ən fəallarından biri olan, hazırda “İnter”in şərəfini qoruyan Cavid Hüseynovun xidmətindən bu dəfə rəqibə qarşı istifadə etmək fikrindədir: “Zabratdakı matçda Cavidin məhsuldar ötürmənin müəllifi olması yaxşı xatirəmdədir. Rəqib məhz onun sürətli reydi nəticəsində qələbə topunu vurdu. Çoxdandır sərəncamımda görmək istədiyim bu 20 yaşlı hücumçunu “Olimpik” qışda transferə çıxaran kimi ələ keçirdim. “Neftçi” ilə ölkə kubokunun cavab yarımfinal görüşündə qələbə topuna imza atan Hüseynova keçmiş komandası ilə qarşılaşmada da ümidlərim böyükdür”. 69 yaşlı ukraynalı mütəxəssis lider “Olimpik”in bir illik məğlubiyyətsiz seriyasına son qoymaq istəyir: “Olimpik”in əsas üstünlüyü sabit heyətə malik olmasıdır. Ağıllı oyuna üstünlük verən “Olimpik”in futbolçuları meydanda vaxt keçirmir, sonadək “döyüşürlər”. Amma günü-gündən inkişaf edən “İnter” də mübariz komandadır və gümüş medallar qazanmaq üçün iddiasını saxlayır. İki gün öncə “Neftçi” kimi rəqibi ölkə kubokundan kənarlaşdırdıq. Nəyə görə növbəti zərbəni “Olimpik”ə vurmamalıyıq?”
0