Sabir Əliyev: “Güclülər dəstəsində qalmağa şansımız var”
25.04.2008 - 15:38
Sabir Əliyev: “Güclülər dəstəsində qalmağa şansımız var”
Sumqayıt. Mehman Süleymanov – APA-Sport. “Güclülər dəstəsində yerimizi qorumağa nəzəri şansımız qalır. Bunu reallaşdırmaq üçün sonadək mübarizə aparacağıq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Sumqayıtın “Gənclərbirliyi” klubunun baş məşqçisi Sabir Əliyev deyib. Onun sözlərinə görə, Premyer Liqanın qarşıdakı turunda öz meydanında Yevlaxın “Karvan” klubu görüşə qələbə qazanmaq üçün çıxacaqlar: “Karvan”ın son turda “Bakı” ilə oyunu xoşuma gəldi. Açıq futbol nümayiş etdirən komanda həm çox qol vurdu, həm də çox top buraxdı. Sonuncu amil xeyrimizə olsa da, özümüz qol vurmaqda çətinlik çəkirik”. “Gənclərbirliyi” – “Karvan” oyununu milli dərəcəli hakim Feyzulla Feyzullayev idarə edəcək ki, S.Əliyev ondan vaxtilə ciddi narazı olub: “Feyzulla bizim oyunda nəticəyə təsir edən səhvlərə yol vermiş və buna görə cəzalanmışdı. “Şahdağ”da işlədiyim dövrdə buraxdığı kobud səhvlər heç bir çərçivəyə sığımırdı. Feyzullanın etdikləri Qusar bölgəsi üçün təhqir idi. Özündə məsuliyyət hiss etsəydi, heç olmasa, üzr istəyərdi”.
0