“Şəfa” stadionuna dəyən ziyanı “Neftçi” ödəyəcək
25.04.2008 - 16:45
“Şəfa” stadionuna dəyən ziyanı “Neftçi” ödəyəcək
Bakı. Mehman Süleymanov – APA-Sport. Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda aprelin 23-də keçirilən Azərbaycan kuboku uğrunda yarımfinal mərhələsinin cavab görüşlərində baş verən xoşagəlməz olaylara hüquqi qiymət verilib. “Xəzər-Lənkəran”la səfər matçında sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin qapıçısı Zurab Mamaladze bir oyunluq cəzalandırılıb. Gürcüstanlı futbolçu klubunu 200 manatlıq cəriməyə məruz qoyub. NİK-in “Neftçi” klubuna kəsdiyi cəza daha ağır olub. Flaqman “İnter” ilə görüşdə futbolçuları nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığı üçün 1000 manat cərimələnib. “Neftçi” “Şəfa” stadionunda keçirilən oyundan sonra etdiyi hərəkətə görə cavab verməli olacaq. “İnter” uzun müddətə icarəyə götürdüyü “Şəfa”da qonaq komanda üçün ayırdığı soyunub-geyinib otağına dəyən zərərlə bağlı matçın protokolunda qeydlər aparıb. Buna baxan NİK “Neftçi”nin ziyanı ödəməsi ilə bağlı qərar çıxarıb ki, konkret məbləği “İnter” müəyyənləşdirəcək.
Qeyd edək ki, AFFA NİK-in çıxardığı qərarlara əsasən, bu gün 1200 manat qazanıb.
0