Kaxaber Tsxadadze: “Neftçi”nin hücumçularını neytrallaşdırmalıyıq”
26.04.2008 - 10:55
Kaxaber Tsxadadze: “Neftçi”nin hücumçularını neytrallaşdırmalıyıq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi”nin çox böyük hücum potensialı var. Müdafiədə oynayıb rəqibin səviyyəli hücumçularını neytrallaşdırmaqla nəticə qazanmaq olar”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Standard” klubunun baş məşqçisi Kaxaber Tsxadadze deyib. 40 yaşlı gürcü mütəxəssis Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən qarşılaşmada “Neftçi”ni məğlub etməyin çətin olduğunu düşünür: “Neftçi”nin ardıcıl 4 oyunda qalib gələ bilməməsi heç də xeyrimizə deyil. Belə uğursuzluqdan sonra komanda daha çox konsentrasiya olub oyuna köklənir, qələbə qazanıb özünü göstərməyə çalışır ki, bu da bizə əlavə çətinlik yaradır”. K.Tsxadadzenin sözlərinə görə, bu matça ciddi hazırlaşan “Standard” üçün ən vacibi oyunu düzgün qurmaqdır: “Neftçi” ilə iki dəfə qarşılaşıb hər ikisində məğlub olmuşuq. Bu dəfə qələbə qazanmaq istəyirik. Artıq rəqibi də kifayət qədər tanıyırıq. Bildiklərimizdən düzgün yararlansaq, nəticə haqda da danışmaq olar”.
0