Cavid Hüseynov: “Olimpik”ə sübut edəcəyəm ki, mənə güvənməməklə səhv ediblər”
26.04.2008 - 13:47
Cavid Hüseynov: “Olimpik”ə sübut edəcəyəm ki, mənə güvənməməklə səhv ediblər”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Sübut edəcəyəm ki, “Olimpik” klubunda mənim yerim görünür. Qoy bilsinlər ki, mənə güvənməməklə səhv ediblər”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun oyunçusu Cavid Hüseynov deyib. Birinci dövrədə “Olimpik”in heyətində möhkəmlənə bilməyən 20 yaşlı yarımmüdafiəçi yeni klubunda qol hesabını da açıb. Ölkə kubokunun yarımfinalında “Neftçi”nin qapısına yeganə qolu vuran C.Hüseynov Azərbaycan Premyer Liqasının 18-ci turunda keçmiş komandasını da məyus edəcəyini düşünür: “Məni yalnız bir dəfə - “İnter”lə görüşdə start heyətdə buraxdılar. Matçdan sonra məndən razı qalmışdılar, təriflədilər. Lakin növbəti qarşılaşmada yalnız sonradan meydana daxil oldum və oyunum alınmadı. Bundan sonra mənə bir də şans vermədilər. Artıq özümə inam hissini də itirmişdim. İndi isə məşqçilərin inamı sayəsində özümə gəlmişəm. Futbolçu üçün ən əsası özünəinamdır, bunu da bərpa etmişəm. “Neftçi”yə qol vurmaqla da bunu təsdiqlədim. İnanıram ki, “Olimpik”ə də qol vurub özümü onlara sübut edəcəyəm. Buna inamım var”. Aprelin 28-də keçiriləcək oyunda Premyer Liqanın ən az qol buraxan komandasının qapısına yol tapacağına inanan C.Hüseynov “Olimpik”in sirrini Tərlan Əhmədovun orada oynaması ilə izah edir: “Olimpik”də çıxış etdiyimdən onların gücünə yaxşı bələdəm. Müdafiədə etibarlı oynayıb az qol buraxmalarının bir səbəbi var – Tərlan. O, təcrübəsi hesabına “Olimpik”in bütün arxa xətini idarə edir. Bu səddi yarmaq asan iş olmasa da inanıram ki, mən bunu bacaracağam”.
0