Feyzulla Feyzullayev: “Yan xətt hakimləri məni pis vəziyyətdə qoyub”
30.04.2008 - 11:51
Feyzulla Feyzullayev: “Yan xətt hakimləri məni pis vəziyyətdə qoyub”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Səhv buraxmışamsa, cəzalanmalıyam. Hakimlər Komitəsinin çıxardığı qərarla razılaşmaq lazımdır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın mövsümün sonunadək cəzalandırdığı milli dərəcəli hakim Feyzulla Feyzullayev deyib. Hakimlər Komitəsinin haqqında çıxardığı qərardan xəbərsiz olan 35 yaşlı referi Premyer Liqanın son turunda Sumqayıtda “Gənclərbirliyi” – “Karvan” (3:1) görüşündə zəif idarəçiliyinin səbəbsiz olmadığını deyir: “Hakimlər Komitəsinin əvvəlki rəhbərliyi məni heç nədən cəzalandırmışdı. Təsəvvür edin ki, ilk dövrədə “Karvan” – “Masallı” oyununda məni arxadan vuran futbolçu da 10 oyunluq cəzalanır, mən də. Nəticədə iki ay yarım hakimlikdən kənarda qaldım ki, praktikanın yoxluğu özünü göstərdi”. F.Feyzullayev son oyunda sarı vərəqələri protokolda düzgün qeyd etməməyində köməkçilərini günahlandırıb: “Onlar məni pis vəziyyətdə qoydu. Onlara mənə yardım etməyi, diqqətli olmağı tapşırmışdım. Sarı vərəqələri hər komandada 24 nömrəli formanı geyən futbolçuya verdiyimi özümdə düz qeyd etmişdim. Ancaq oyundan sonra protokolu doldurarkən, köməkçilərim məni çaş-baş saldı və hər iki vərəqəni səhvən “Karvan”ın futbolçusu Aleksandr İntskirvelinin adına yazdım”.
0