“Olimpik” dünyada ən yaxşı müdafiə olunan 7-ci klubdur
30.04.2008 - 12:52
“Olimpik” dünyada ən yaxşı müdafiə olunan 7-ci klubdur
Hər oyunda orta hesabla 0,27 top buraxan “Olimpik” müdafiəsinin etibarlılığına görə 7-ci pilləyə enib. “İnter”ə uduzanadək (0:2) 3-cü olan Əsgər Abdullayevin yetirmələri yalnız liderlər Qazaxıstanın “Kaysar” və Tunisin “Klab Afrikan” (hər ikisi 0,14) komandasından geri qalırdı. İndi isə “Ksian Çanba” (Çin), “Rabotniçki” (Makedoniya), “Şerif” (Moldova), “Sent Patriks” (İrlandiya) klubları da “Olimpik”i qabaqlayır.
Paytaxt klubu cari mövsümə aid olan 21 oyunluq məğlubiyyətsiz seriyası “İnter”lə oyunda qırılanadək bu göstəricidə 4-cü idi. Yalnız bir mövsümü əhatə edən və qırılmayan seriyalarına görə “Anartosis” (Kipr) 30, “Srvena Zvezda” (Serbiya) 27 və MOİK (Bolqarıstan) 26 matç məğlub olmamaqla, bakılıları qabaqlayırdı. Uduzmaqla siyahını tərk edənədək “Olimpik” İngiltərənin “Çelsi” (19), Ukraynanın “Dinamo” (12), Portuqaliyanın “Porto” (11) kimi klublarını qabaqlayırdı.
Azərbaycan Premyer Liqasında çıxış edən komandalar rəqib meydanında göstərdiyi nəticəyə görə 24-cü yerdədir. Qarşılaşmaların 33,9 faizinin qonaqların xeyrinə bitdiyi çempionat dünyanın 124 liqasından 100-nü qabaqlayır. Səfərdə çıxış edən komandalar ən çox Andorrada (43,4 faiz), ən az isə Bosniya və Herseqovinada (11,5) qələbə qazanıb.
Milli çempionatda meydan sahibləri oyunların 43,1 faizində qələbə qazanıb ki, bu da 91-ci nəticədir. Öz meydanında çıxış edən komandalar Bosniya və Herseqovinada (77,0) əksər matçlarda qalib gəlirsə, Avstraliyada (34,4) meydan amilini hiss etdirə bilmir.
Heç-heçələrin sayına görə 95-ci olan Premyer Liqada keçirilən oyunların 22,8 faizi bərabərliklə bitib. Bu göstəricidə birinci və sonuncu yerlər Litva (40,0) və Ermənistana aiddir (8,3).
Orta məhsuldarlığa görə (hər oyuna 2,35 qol) 86-cı olan Azərbaycan Premyer Liqası Portuqaliya və Rusiya çempionatlarını arxada qoyur. Qazaxıstanda (1,74) qol həsrəti yaşanırsa, Andorra (3,85), BƏƏ (3,53), Boliviyada (3,45) çempionat oyunları məhsuldarlığı ilə seçilir.





0