Azərbaycan Premyer Liqasının 23-cü turunu 8 futbolçu buraxacaq
30.04.2008 - 15:05
Azərbaycan Premyer Liqasının 23-cü turunu 8 futbolçu buraxacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının 23-cü turunda yalnız 8 komanda itkisiz mübarizə aparacaq. “APA-Sport” agentliyinin məlumatına görə, mayın 3-də və 4-də keçirilən matçlarda 6 komanda heyətində olan cəzalı futbolçunun xidmətindən yararlana bilməyəcək. Sumqayıtda “Gənclərbirliyi” ilə qarşılaşacaq “Masallı”nın itkiləri nisbətən çoxdur. Belə ki, son oyunda aldığı sarı vərəqə ucbatından turu buraxmalı olan 7 oyunçudan 2-si cənub təmsilçisinin sıralarındadır. Mövsümdə 4-cü dəfə sarı vərəqə aldığı üçün oynamayacaq Vaja Lomaşvili və Bəhruz Zeynalovla yanaşı, Bəxtiyar Mehrəliyev də Sumqayıtda çıxış etməyəcək. Birinci dövrənin sonunda 10 oyunluq cəzalanan müdafiəçi bu qarşılaşma ilə cəzasını bitirir. “Gənclərbirliyi” də bu görüşdə tam heyətlə mübarizə apara bilməyəcək. Meydan sahiblərinin xorvatiyalı oyunçusu Tomislav Staniçin də hesabında 4 xəbərdarlıq var. “Karvan” – “Neftçi” qarşılaşmasında isə meydan sahibləri Aleksandr İntskirveli, qonaqlar isə Vadim Boretsin xidmətindən məhrumdur. Səfərdə müvafiq olaraq “Turan” və “Qarabağ”la üz-üzə gələcək “Qəbələ” ilə “Standard”ın heyətində də cəzalı futbolçu var. Qəbələlilər Samir Zərgərovun, bakılılar isə komandanın əsas qapıçısı Vitali Kovalyovun yoxluğunu hiss etdirməməyə çalışacaq. S.Zərgərov və V.Borets 8-ci, A.İntskirveli ilə V.Kovalyov isə 4-cü sarı vərəqə üzündən Premyer Liqanın 23-cü turunda çıxış etməyəcək.
0