Makedoniya Futbol Federasiyası “Bakı” klubunu haqlı çıxarıb
30.04.2008 - 15:17
Makedoniya Futbol Federasiyası “Bakı” klubunu haqlı çıxarıb
Bakı. Mehman Süleymanov – APA-Sport. Makedoniya Futbol Federasiyasının (MFF) rəhbərliyi “Bakı” klubunun müraciətinə cavab verib. Bu haqda “APA-Sport” agentliyinə paytaxtın eyniadlı komandasının baş meneceri Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, MFF müqavilə ilə “Bakı”ya məxsus olduğu halda, komandaya qatılmayan hücumçu Çvetan Çurlinovla bağlı şikayəti əsaslı sayıb: “Federasiyanın baş katibi Nikola Kostovla telefon söhbətimiz olub. O, komandamızı haqlı çıxararaq, günahı futbolçuda görür. Çvetan isə bizə cavab vermir. Artıq bütün sənədlər hazırdır və FİFA-ya şikayət məktubu hazırlamışıq. Beynəlxalq futbol qurumunun oyunçuların statusu ilə bağlı müvafiq komitəsi məsələyə baxacaq. Çurlinov müqavilə ilə iki il bizə məxsus olduğu üçün özbaşına başqa kluba keçə bilməz. Onun transferi “Bakı”dan asılıdır”.
Qeyd edək ki, iki ay öncə olimpiya yığmasının rəsmi oyununa çağırılan 21 yaşlı makedoniyalı futbolçu “Bakı”nın düşərgəsinə dönmək istəmir.
0