Əsgər Abdullayev haqqında ballada
30.04.2008 - 16:42
Əsgər Abdullayev haqqında ballada
Bu yaxınlarda toy məclislərinin birində tost deyən “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayev üzünü media təmsilçilərinə tutaraq, sözünü belə bitirmişdi: “Olimpik”i anti-futbol oynamaqda günahlandıran jurnalistləri anti-rəqsə dəvət edirəm”. Həmin sağlıqdan sonra Abdullayev yetirmələri ilə birgə o ki var rəqs etmişdi. Üç gün öncə “İnter”lə Premyer Liqanın növbəti turu çərçivəsində görüşən “Olimpik”in futbolçuları özlərini yenə rəqqas kimi aparırdılar...
Baş məşqçi komandanın simasıdır. Əsgər Abdullayevin yaşıl meydançadan kənardakı davranışından başlamağım təsadüfi deyil. Peşəkar məşqçinin meydanda və meydandan kənardakı hərəkətləri üst-üstə düşməli, bir-birin tamamlamalı, sintez yaratmalıdır. Bu çatışmazlığa əksər məşqçilərdə, o cümlədən Abdullayevdə rast gəlmək mümkündür. Belə futbol adamları üçün tənqid anlayışı bəzən təhqirdən də betər olur. Amma onlar anlamırlar ki, sağlam tənqid, qərəzsiz yazı inkişafa, gələcək uğurlara stimul verir. Yoxsa, özünüzü qanadsız mələk hesab edirsiniz? Siz səhv buraxa bilməzsiniz? İndi mövsümün qızğın vaxtıdır. Abdullayev “atmaca”lardansa, yeni taktikalar, oyun təşkilatçılığı barədə düşünsə, yaxşı olmazmı? Tutaq ki, “Olimpik” Azərbaycan çempionatında qızıl medalları qazandı. Bəs sabah Çempionlar Liqasında böyük hesablı məğlubiyyətlərə necə don geyindiriləcək? Püşk komandanızı Bakının “İnter” klubu səviyyəsində bir rəqiblə qarşılaşdırarsa, axı darmadağından yaxa qurtara bilməyəcəksiniz. Yəqin, Abdullayev avrokuboklardakı böyük hesablı məğlubiyyətləri belə izah edəcək: “Mən həyatımı jurnalistlərlə mübarizəyə, eqoist davranışlara sərf etmişəm, futbol mənim üçün arxa planda qalıb”. İdman müəllimi, 69 yaşınadək heç bir titul qazanmayan Valentin Xodukinin çalışdırdığı “İnter”lə də bacarmayan komandadan nə gözləyək?
Bir məqama da diqqət yetirək: “Olimpik” almaniyalı hakimlər briqadasının idarə etdiyi Bakı derbilərində fərqlənə bilməyib. “Təyyarəçilər” nə “Neftçi”nin, nə də “İnter”in qapısına qol vurublar. Belə də “təyyarəçi” olar? Hələ “Masallı” ilə qarşılaşmadakı rüsvayçılığı demirik. Görəsən, Əsgər bəyin xəbəri varmı ki, “Masallı” istisna olmaqla, Avropanın heç bir komandasında Vüqar Nadirov adlı futbolçu yoxdur. Qitə miqyaslı yarışlarda rəqibin əlinə penalti vurmaq imkanı düşsə, bəlkə də zərbənin gücündən “Olimpik”in qapı toru da cırılacaq. Çünki Avropada artistliyi xoşlamırlar. Ümid qalır AFFA ilə əlbir işləməyə. Assosiasiyanın baş katibi Elxan Məmmədov belə yollara bələddir. Futbol qurumlarımızda yönlü-başlı funksioner tapmaq mümkündür ki? Elxan Məmmədov bir kənara, guya Rəsul Rəsulov futbolla oksigen udub, futbolla karbon buraxır?
...Nə qədər qəribə olsa da, “Olimpik”lə bağlı nikbin proqnoz verə bilmirəm. Çox keçməz ki, “təyyarəçilər” də “Şəfa”, “Şəmkir”, “Kəpəz”, “MKT-Araz”ın aqibətini yaşayarlar.


0