FİFA nümayəndələri “Şəfa” stadionuna baxış keçirmək məqsədilə Bakıya gəlirlər
30.04.2008 - 17:57
FİFA nümayəndələri “Şəfa” stadionuna baxış keçirmək məqsədilə Bakıya gəlirlər
Bakı. Mehman Süleymanov - APA-Sport. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) nümayəndələri mayda “Şəfa” stadionunu baxışdan keçirəcəklər. Bu barədə “APA-Sport” agentliyinə “Şəfa”nı uzun müddətə icarəyə götürən Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, arenanın əsas meydançasının sintetik örtüyünün yoxlanışdan keçməsi haqda razılıq əldə olunub: “Meydançanın ot örtüyü dəyişdirildikdən sonra FİFA-nın xüsusi laboratoriyasında baxışdan keçməli və bunun nəticəsi ilə bağlı bizə cavab verilməlidir. Hər şey qaydasında olarsa, beynəlxalq oyunların keçirilməsinə icazə veriləcək. FİFA nümayəndələrinin mayın 19-dək Bakıda olacaqları barədə rəsmi sənəd almışıq. Onlar meydançanın vəziyyəti ilə tanış olduqdan sonra çatışmazlıqların aradan qaldırılması haqda tövsiyələrini verəcək”. Klub rəhbəri “Şəfa”ya lisenziyanın verilməsi tarixinin beynəlxalq futbol qurumundan asılı olduğunu bildirib: “Bu məsələ FİFA-nın iş sürətindən asılıdır. Araşdırmanın nəticələri İsveçrəyə göndərildikdən sonra son qərar veriləcək. İstənilən halda, iyunda İntertoto kuboku oyunlarınadək işləri tam yekunlaşdırmaq mümkün olmur. Ancaq iyulda Çempionlar Liqası və UEFA kubokunda yeni mövsümün startınadək problem qalmamalıdır. Bütün xərcləri biz ödəyəcəyik və “Şəfa”da avrokubok oyunu keçirəcək komandamız ziyana düşməyəcək”.
Qeyd edək ki, “İnter”lə yanaşı, avrokubokda ölkəmizi təmsil edəcək Bakının “Olimpik” klubu da ev oyunlarını “Şəfa”da keçirir.
0