AFFA rəsmiləri Rusiya və Ukraynaya futbolçu axtarışına yollanırlar
01.05.2008 - 11:29
AFFA rəsmiləri Rusiya və Ukraynaya futbolçu axtarışına yollanırlar
Bakı. Aqşin Əliyev - APA-Sport. AFFA rəsmiləri 17 yaşadək futbolçulardan ibarət yığmaya (U-17) namizədləri baxışdan keçirmək məqsədilə Rusiyanın Ramenskoe və Ukraynanın Donetsk şəhərlərinə səfərə hazırlaşırlar. “APA-Sport” agentliyinin məlumatına görə, Ramenskoyə assosiasiyanın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovla U-17-nin məşqçisi Mirbağır İsayev yollanacaq. Onlar səfər müddətində Emin adlı soydaşımızla maraqlanacaqlar. 16 yaşlı futbolçu hazırda Ramenskoedə yerləşən internatda təhsil alır. Rusiya Futbol İttifaqının rəsmiləri onu U-17-yə cəlb etmək istəsələr də, səyləri nəticəsiz qalıb. Azərbaycanın U-17, U-21 yığmalarının baş məşqçisi, eyni zamanda AFFA-nın texniki direktoru Bernard Lippert isə Donetskə gedəcək. Ukraynaya məşqçi Baba Əsgərovla birgə yollanacaq almaniyalı “Şaxtyor” komandasının 4 azərbaycanlı futbolçusunu nəzərdən keçirəcək. AFFA-nın hər dörd əməkdaşı gələn həftənin əvvəlində səfərə çıxacaq.
0