Valentin Xodukin: “AFFA-nın təqvimdə dəyişiklik etməsi uşaq başı aldatmağa oxşayır”
01.05.2008 - 12:56
Valentin Xodukin: “AFFA-nın təqvimdə dəyişiklik etməsi uşaq başı aldatmağa oxşayır”
Ukraynalı mütəxəssis “Xəzər-Lənkəran” komandasına qarşı mayın 28-də keçirilməsi nəzərdə tutulan final matçının vaxtının 4 gün qabağa çəkilməsinə etirazını bildirib: “Mayın 28-i Azərbaycanda dövlət bayramıdır. Finalın da məhz belə əlamətdar günə salınması yaxşı haldır və bildiyimə görə bu, artıq adət halını alıb. Gözlənilmədən oyunu 4 gün əvvələ, adi bir günə salmaq nə effekt verəcək? Bəlkə əcnəbi olduğum üçün incə məqamları bilmirəm? Hər yerdə futbol mövsümünə ölkə kubokunun final oyunu ilə yekun vurulduğu halda, belə lazımsız dəyişikliyə nə ad vermək olar?”. V.Xodukin vurğulayıb ki, final oyunu ilə Premyer Liqanın son turunun qarşılaşmalarının yerdəyişməsinin Azərbaycan milli komandasının növbəti yoldaşlıq görüşlərinə hazırlıq məqsədilə edilməsi bəhanədir: “AFFA-nın təqvimdəki dəyişikliyi yığmaya görə etməsi uşaq başı aldatmağa oxşayır. Milli komanda rəsmi oyuna və ya beynəlxalq turnirə yox, adi yoldaşlıq keçirmək məqsədilə səfərə çıxacaq. Nəzərə almaq lazımdır ki, Premyer Liqada mübarizə axıradək davam edəcəyindən son turun matçları formal xarakter daşımayacaq. Bu baxımdan final oyununu nəyə görə axırıncı turdan əvvələ keçirilməlidir? Mənə izah etsinlər görüm, musiqini kim sifariş edib? Kim nə vaxt istəyir, yuxudan durub dəyişiklik edir. Mən hələ qışda Türkiyədə təşkil olunan təlim-məşq toplanışını final oyununun tarixinə uyğun qurmuşdum. İndi məcburi dəyişiklik etməliyəm. Bəs buna görə kim məsuliyyət daşıyacaq?”.
Qeyd edək ki, yığmamız iyunun 1-də səfərdə Bosniya və Herseqovina, bundan üç gün sonra Andorra yığması ilə yoldaşlıq görüşü keçirəcəyindən AFFA ölkə kubokunun finalını mayın 24-nə, Premyer Liqanın son turunu isə mayın 27-28-nə təyin edib.
0