Valentin Xodukin: “Kim deyir ki, bizi Bərdədə asan sınaq gözləyir?”
02.05.2008 - 11:22
Valentin Xodukin: “Kim deyir ki, bizi Bərdədə asan sınaq gözləyir?”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Mövsüm sonuna yaxınlaşdıqca gərginlik artır. Bu mənada qətiyyən arxayınlaşmaq olmaz. Kim deyir ki, bizi Bərdədə asan sınaq gözləyir?” Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasının qarşıdakı turunda Bərdədə ABN-lə oyuna ciddi hazırlaşıblar: “Rəqibin autsayder olması hələ heç nə demək deyil. İlk növbədə onu nəzərə alaq ki, biz Bərdədə oynayacağıq və meydan amili öz təsirini göstərə bilər. ABN-nin evdə yaxşı oynadığını, inamlı təsir bağışladığını bilirəm. Lider “Olimpik” Bərdədəki görüşdə bunun acısını çəkdi. ABN “Xəzər-Lənkəran”la səfər matçında da heç-heçəyə nail oldu. Deməli, ABN döyüşkən kollektivdir və liderləri büdrədə bilir. Üstəlik, bərdəlilərə Premyer Liqada yerlərini qorumaq uğrunda xal qazanmaq çox lazımdır. Elə isə hansı asan oyundan danışmaq olar?”
0