Mahmud Qurbanov Bərdəyə getmir
02.05.2008 - 12:14
Bakı. Mehman Süleymanov - APA-Sport. “İnter” Azərbaycan Premyer Liqası çərçivəsində Bərdədə yerli ABN-lə sabahkı oyuna ciddi itkilərlə çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt təmsilçisinin üç futbolçusu qarşıdakı turu buraxmaq məcburiyyətindədir. Bunlar yarımmüdafiəçilər Mahmud Qurbanov, Tomas Rajanauskas və hücumçu Cavid Hüseynovdur. Hər üç oyunçunun sağlıq durumunda problem var. Litvalı T.Rajanauskasın “Olimpik”lə son görüşdə aldığı zədə ciddidir. C.Hüseynov soyuqladığı üçün hazırlıqdan kənarda qalıb. “İnter”in əsas oyun qurucusu olan M.Qurbanovun isə son məşqdə ayağı burxulub. Milli komandamızın da üzvü olan 35 yaşlı futbolçu müalicə olunur və həkimlər onu növbəti həftə “Turan”la görüşə hazırlayırlar.
0
0