Tuyqun Nadirov: “Ölkə kubokunun final matçına sabah da çıxa bilərik”
02.05.2008 - 12:34
Tuyqun Nadirov: “Ölkə kubokunun final matçına sabah da çıxa bilərik”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Ölkə kubokunun final matçına sabah da çıxa bilərik”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. Klub rəsmisi mayın 28-də keçirilməli olan ölkə kubokunun final matçının 24-ə ertələnməsində problem görmür: “AFFA-dan dünən aldığımız məktubda çempionatın son turunun mayın 28-i, ölkə kubokunun finalının isə mayın 24-ə təyin olunması qeyd olunsa da, bunun səbəbi göstərilməmişdi. Məsələ ilə bağlı baş məşqçi Ağasəlim Mircavadovu məlumatlandırdıq. Hazırlıq planında bəzi dəyişikliyin edilməsi zəruri olsa da, komandamız üçün 4 gün öncə oynamaq problem deyil. Düzdür, bəzi zədəli futbolçularımızın sağalması üçün zamana ehtiyacımız var”. T.Nadirovun sözlərinə görə, lənkəranlılar matçın keçirilmə tarixi yox, qələbə haqda düşünür: “Komandamız oyunun əhəmiyyətini anlayır və matçın tarixindən asılı olmayaraq, kuboku qazanmaq başlıca vəzifəmizdir. İnanıram ki, futbolçularımız ardıcıl ikinci dəfə ölkə kubokunu hazırlanmaqda olan “Xəzər Lənkəran Muzeyi”nə aparacağıq”.
0