Rusiya yığma komandası sabah Bakıya gəlir
02.05.2008 - 13:14
Rusiya yığma komandası sabah Bakıya gəlir
Bakı. Elşən Məmmədov-APA-Sport. Bu gecə Rusiyanın veteran futbolçulardan ibarət yığma komandası Bakıya gələcək. Bu haqda «APA-Sport» agentliyinə «Neftçi» Veteranları Futbol Klubunun prezidenti Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, qonaq komandanın heyətində Moskvanın «Dinamo», MOİK, «Spartak», «Lokomotiv» və «Torpedo» klublarında çıxış etmiş 17 veteran yer alacaq. Onlar Marat Abyanov, Valeri Broşin, Yuri Qavrilov, Gennadi Qrişin, İvan Korotayev, Dmitri Kudinov, Dmitri Kuznetsov, Viktor Losev, Sergey Makoqonov, Yuri Maslakov, Valeri Novikov, Viktor Papayev, Nikolay Saviçev, Vladimir Semikin, İqor Simutenkov, Vladimir Tatarçuk və Dmitri Şirşakov olacaq. Rusiyalı futbolçular sabah Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə «Neftçi»nin veteranlardan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcəklər. «Neftçi»nin heyətində iştirakçı siyahısına 23 futbolçunun adı daxil edilib. Saaat 15:00-da «Şəfa» stadionunda keçiriləcək görüşü Orucəli Durmuşov, Rüstəm Rəhimov, Tahir Süleymanov və Füzuli Nəcəfov idarə edəcəklər. Bundan öncə isə qonaqlar Fəxri Xiyabanda mərhum prezident H.Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, AFFA prezidenti Rövnəq Abdullayevin qəbulunda olacaqlar. Futbol matçının ardından veteranlar üçün «Neolit» restoranında ziyafət veriləcək.


0