Roman Pokora: “Biz “Olimpik”in rəqiblərinin marağını güdmürük”
02.05.2008 - 13:55
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Premyer Liqasının növbəti turunda “Olimpik”lə görüşəcək Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib. Rəqibin aşkar liderliyini qəbul edən ukraynalı mütəxəssis bildirib ki, “Olimpik” etibarlı müdafiə xəttinə malikdir: “Əsas rəqibləri “Neftçi”, “İnter” və “Xəzər-Lənkəran”dan xeyli az top buraxıb. Deməli, komandanın kifayət qədər etibarlı müdafiəsi var”. R.Pokora rəhbərlik etdiyi kollektivin son turlardakı çıxışından narazı qaldığını gizlətməyib: “Uğursuzluq zolağı”na düşsək də, bu, “Olimpik”lə oyun öncəsi bizi ruhdan salmır. Əksinə, liderlə qarşılaşmada qənaətbəxş nəticə qazanmaq istəyimiz böyükdür. Çoxları meydan amilini xeyrimizə sayır, amma bununla tam razı deyiləm. Axı, Qax şəhər stadionu öz meydanımız deyil”. Şansları bərabər hesab edən “Simurq”un 60 yaşlı çalışdırıcısının sözlərinə görə, “Olimpik”lə oyunu zəif keçirmək qeyri-mümkündür: “Düzdür, çempionatı 5-ci və ya 6-cı pillədə başa vurmağın bizim üçün prinsipial fərqi yoxdur. Buna baxmayaraq, öz gücünü, nəyə qadir olduğunu məhz liderlə görüşdə sınaya bilərsən. Zəif komandalarla matçda pis oynamaq mümkündür. Amma “Olimpik”ə qarşılaşmada belə olmamalıdır. Bəzən iki komandanın görüşündən üçüncü tərəf də qazanmaq istəyir. Lakin demək olmaz ki, “Simurq” daha çox “Olimpik”in çempionluq uğrunda rəqiblərinin marağını güdür. Biz “Olimpik”ə başqalarına yox, özümüzə görə qalib gəlmək istəyirik”.
Qeyd edək ki, “Simurq” – “Olimpik“ görüşü mayın 4-də keçiriləcək.
Qeyd edək ki, “Simurq” – “Olimpik“ görüşü mayın 4-də keçiriləcək.
0
0