Anatoli Ponomaryov: “Hücumda çıxış etsəydim, komandaya daha çox fayda verərdim”
02.05.2008 - 17:03
Anatoli Ponomaryov: “Hücumda çıxış etsəydim, komandaya daha çox fayda verərdim”
- “Bakı” klubunda ilk oyunlarda əsas heyətdə yer alsanız da, sonradan ehtiyatda qaldınız. Son üç matçda isə meydana çıxmamısınız. Zədəniz ciddidir, yoxsa başqa problem var?
- Oynamamağımın səbəbi həqiqətən də zədəli ilə bağlıdır. Belim ağrıyırdı. Ötən tur “Masallı” ilə oyun öncəsi sağaldım. Həmin səfər matçında adım iştirak ərizəsinə daxil edilmişdi. Sadəcə, baş məşqçi meydana çıxmağımı məsləhət bilmədi.
- Azərbaycana qayıtdığın ilk vaxtlarda yaxşı təsir bağışlasanız da, sonradan arxa plana keçdiniz. Bunun səbəbi nədir?
- Nəsə burada oyunum alınmır. Əslində, səbəb çoxdur, ancaq indi bu haqda danışmaq istəmirəm.
- Bəlkə meydançaların pis vəziyyəti oyununa mənfi təsir göstərir?
- Bunun də təsiri var. Ümumiyyətlə, burada çox şey lazımı səviyyədə deyil. Çox təəssüf ki, bu, belədir.
- Komanda daxilində sizə qarşı münasibətdən narazı deyilsiniz ki?
- Yox, hər şey qaydasındadır.
- Yəqin ki, klub rəhbərliyinin sizə çəkdiyi xərcin qarşılığını verə bilmədiyinizə görə özünüzü pis hiss edirsiniz...
- Bəli. Oyunum alınmadığını qəbul edirəm. Bilirsiniz, bütün komanda pis oynayır. Buna görə də günahı yalnız məndə axtarmaq düzgün olmazdı. Axı hər şey təkcə məndən asılı deyil.
- Bəlkə uğursuzluğun səbəbi futbolçularla baş məşqçi Qyoko Hacievski arasında problemin olmasıdır?
- Bu haqda heç nə bilmərəm. Yaxşı heyətimiz var, baş məşqçimiz də savadlı mütəxəssisidir. İkinci dövrədə uğursuz çıxışın səbəbini baş məşqçidən soruşun. Mənə bu haqda danışmaq çətindir. Ümumiyyətlə, heç kimə qarşı pis danışmaq istəmirəm. Hacievski ilə aramızda münasibətlər normaldır.
- Adətən mərkəzdə oyun qurucusu kimi, yaxud hücumda çıxış etdiyin halda, “Bakı”da yarımmüdafiənin sol cinahında oynayırsınız. Bunun çıxışınıza təsiri varmı?
- Əlbəttə. Öyrəşmədiyim mövqedə çıxış etmək haradasa narahatlıq yaradır. Ancaq bu, baş məşqçinin seçimidir. Məni meydanda hansı mövqedə oynatmağı Hacievski qərar verir. Amma hesab edirəm ki, hücumda çıxış etsəydim, komandaya daha çox fayda verərdim.
- Yəqin ki, atan İqor Ponomaryov da çıxışınızdan narahatdır. O, hansısa tövsiyələr verir?
- Atam da yaxşı oynamağımı istəyir, zəngləşdiyimiz zamanı mənə dəstək verir. Onun Azərbaycanda işləməyə dəvət edilməməsi çox qəribə haldır. Başqa ölkələrin hamısından məşqçilər dəvət edirlər, amma İqor Ponomaryovu yox. Ümid edirəm ki, gələn mövsüm ona təklif göndərəcəklər.
- Azərbaycanda çıxış etdiyiniz ilk vaxtlarda da oxşar aqibətlə üzləşmişdiniz. “Qarabağ”da yaxşı oynasanız da, sonradan “İnter”də kölgəyə düşdünüz...
- Azərbaycandan yaxşı oynamaq nədənsə çox çətindir.
- Amma başqa ölkələrdə də ön planda deyilsiniz...
- Yalnız Lixtenşteyndə, “Vaduts” klubunda işlərim yaxşı getmədi ki, bu da transfer məsələləri ilə bağlı idi. Transfer vərəqim gəlmədiyindən 2-3 ay oynaya bilmirdim. “Vaduts” rəhbərliyi sonradan elə fikirləşirdilər ki, onları aldadıram, Azərbaycandan transfer vərəqimin gəlməsi bilərəkdən gecikdirilirdi. Onlar futbolçunu transfer etdikləri halda, oynada bilmədiklərinə görə mənə hirslənmişdilər. Transfer vərəqim gəlib çıxandan sonra da mənə buna görə şans vermirdilər. Lixtenşteyndə problemlərim olduğu üçün İsveçə qayıtdım. Orada isə çıxışım normal idi.
- Elə isə bəlkə İsveçə qayıdasınız? Hər halda, orada oyun praktikası sarıdan korluq çəkmirsiniz.
- Həqiqətən də İsveçdə işlərim yaxşı gedir. Çünki orada futbol daha inkişaf edib. Futbol və onun ətrafında münasibətlər, ab-hava yaxşıdır.
- İsveçdən fərqli, Azərbaycan futbolu infrastrukturluq, peşəkarlıq baxımından problemlərin olması öz təsirini göstərirmi?
- Əlbəttə, bunun da təsiri var.
- Sizə başqa ölkələrdən təkliflər olubmu?
- Mənim hələlik müqaviləm var.
- Transfer hüquqlarınız İsveçin HAİS klubundadır. Amma ilin sonunadək icarə əsasında “Bakı”ya məxsussunuz...
- Doğrudur.
- Amma “Bakı” rəhbərliyi artıq cari mövsüm bitəndən sonra sizinlə vidalaşmağı düşünür. Transferə çıxarılmağınızdan xəbərdarsınız?
- Bəli. Rəhbərliklə ortaq məxrəcə gələcəyimə əminəm. Baş menecer Zeynal Məmmədov yaxşı insandır. Onunla dil tapmaq asandır. Hər iki tərəfi qane edən şərtlərlə bağlı razılıq əldə olunacağını düşünürəm.
- Azərbaycanda qalıb, başqa kluba keçməyi düşünürsünüz, yoxsa İsveçə qayıtmağı?
- Bunu bilməz olmaz. “Bakı”dan getməyimlə bağlı hələlik konkret söhbət olmayıb.
0