Qyoko Hacievski: “Xəzər-Lənkəran”la oyun formal xarakter daşımayacaq”
02.05.2008 - 17:25
Qyoko Hacievski: “Xəzər-Lənkəran”la oyun formal xarakter daşımayacaq”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran”la oyuna ciddi hazırlaşırıq. Lənkərana səfərimiz formal olmayacaq. Azərbaycan çempionuna ciddi müqavimət göstərəcəyik”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib. Makedoniyalı mütəxəssis “Xəzər-Lənkəran”la səfərdə keçiriləcək Premyer Liqa matçının gərgin mübarizədə şəraitində keçəcəyinə əmindir: “Lənkərandakı oyun formal xarakter daşımayacaq. Görüşün bizim üçün turnir cədvəli baxımından ciddi əhəmiyyət kəsb etməməyi fikir yürütməyə əsas vermir. Biz hər bir oyuna olduğu kimi, bu matça da qələbə qazanmaq üçün çıxacağıq”. İkinci dövrədə uğursuzluq zolağından çıxmaq üçün çalışan Q.Hacievski “Xəzər-Lənkəran”da ilk növbədə Zaur Ramazanovu zərərsizləşdirmək haqda düşünür: “Zaur təhlükəli hücumçudur. Onunla “Xəzər-Lənkəran”da bir yerdə çıxış edən bəzi futbolçuları yaxşı tanıyıram. Onlar Azərbaycan yığmasının baş məşqçi olduğum dövrdə rəhbərliyim altında oynayıb”. Makedoniyalı rəqib komandanı çalışdıran Ağasəlim Mircavadova bir həmkar kimi böyük hörmət bəslədiyini vurğulayıb: “Onunla məşqlərimiz “Ədliyyə” stadionuna təsadüf edərkən tez-tez görüşürük, xoş ünsiyyətdə oluruq. Mircavadovla aramızda heç bir problem yoxdur. Sadəcə, yığmaya yeni gəldiyim zamanı AFFA-da nəzərdə tutulan görüş zamanı anlaşılmazlıq olmuşdu”.
Qeyd edək ki, ölkə kubokunu da nəzərə alsaq, 9 oyundur qələbə üzünə həsrət qalan “Bakı” ilk dövrədə “Xəzər-Lənkəran”dan xal alıb (2:2).
0