“Bakı” klubunun legionerləri Lənkərana yollanmayacaq
02.05.2008 - 17:52
“Bakı” klubunun legionerləri Lənkərana yollanmayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubunun legionerləri Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində “Xəzər-Lənkəran”la səfərdə keçiriləcək matçı buraxacaqlar. “APA-Sport” agentliyinin məlumatına görə, gürcüstanlı hücumameylli yarımmüdafiəçisi Amiran Muciri ilə seneqallı hücumçusu Eli Sisse qarşıdakı oyunda komandalarına kömək edə bilməyəcəklər. Hər iki futbolçunun zədəsi buna imkan vermir. A.Muciri ilə E.Sisseyə səfərə çıxan heyətdə yer verilməməyi nəzərdə tutulub. Makedoniyalı hücumçu Çvetan Çurlinovun vətənindən qayıtmadığını, digər hücumameylli yarımmüdafiəçi Anatoli Ponomaryovun isə zədə səbəbindən oyun praktikası sarıdan ciddi korluq çəkdiyini nəzərə alsaq, “Bakı”nın ön xətlə bağlı problemləri var. Baş məşqçi Qyoko Hacievski A.Ponomaryovun adını qarşıdakı matçda iştirak ərizəsinə daxil etməyi nəzərdə tutsa da, meydana çıxmağı ilə bağlı hələ qərar verməyib. Ardıcıl ikinci həftədir Lənkəranda oynamalı olan “Bakı” səfərə sabah çıxacaq. Yenə “Qala” otelində məskunlaşacaq komanda son məşqini “Xəzər-Lənkəran”la görüşəcəyi mərkəzi şəhər stadionunda keçirəcək.
Qeyd edək ki, “Bakı” ötən həftə Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda “Masallı” klubuna 0:2 hesabı ilə uduzub.
0