Ağasəlim Mircavadov: “Hacievskinin mübariz komandasının oyununu xoşuma gəlir”
02.05.2008 - 17:59
Lənkəran. Mehman Süleymanov - APA-Sport. “Bakı” güclü komandadır. Bu komandanın turnir cədvəlində tutduğu yer potensialına uyğun gəlmir”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Onun sözlərinə görə, Premyer Liqada növbəti rəqibləri olan “Bakı”nın turnir cədvəlində 8-ci pillədə qərarlaşması qanunauyğun deyil: “Bu, komanda daha yuxarı pillələri tutmağa layiqdir. “Bakı”nın baş məşqçisi Qyoko Hacievski ilə yaxşı münasibətlərim var. Onunla Bakıda hazırlıq keçdiyimiz zaman mütəmadi görüşür, söhbətləşirik. Makedoniyalı həmkarımın çalışdırdığı mübariz komandanın oyunu xoşuma gəlir”. “Bakı”nı ciddi rəqib hesab edən “Xəzər-Lənkəran”ın 61 yaşlı çalışdırıcısı oyunun çətin olacağını qeyd edir: “İlk dövrədə 2:2 hesabı ilə başa çatan görüşdə “Bakı”nın gücünün şahidi olmuşduq. Hesab edirəm ki, Lənkəranda maraqlı, baxımlı görüş olacaq. İddiamızı sonadək davam etdiririksə, qalan oyunların hamısında qələbə qazanmalıyıq”.
0
0