Azərbaycan milli komandasına Asiya, Braziliya, Portuqaliya və Rusiya çempionu olmuş mütəxəssis rəhbərlik edəcək
03.05.2008 - 09:17
Azərbaycan milli komandasına Asiya, Braziliya, Portuqaliya və Rusiya çempionu olmuş mütəxəssis rəhbərlik edəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasına Asiya, Braziliya, Portuqaliya və Rusiya çempionu olmuş mütəxəssis rəhbərlik edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, çimərlik futbolu üzrə yığma komandanın baş məşqçisi təyin olunan Qustavo Enrike Zlokkovik Silva 6 ildir, məşqçi kimi fəaliyyət göstərir. Çimərlik Futbolu üzrə rəsmi FIFA təlimatçısı olan mütəxəssis 1977-ci il fevralın 23-də Braziliyada anadan olub. Braziliyanın “America-MG” (2004) klubunda məşqçi köməkçisi kimi çalışan Q. Silva “Northist” (2002), “Ulbra-Ro” (2005), Rusiyanın “TIM” (2006-2007) klublarını, həmçinin Portuqaliya (2003), Rusiya (2005), Bəhreyn (2006/07) milli komandalarını çalışdırıb. 2006 və 2008-ci illərdə Çimərlik futbolu üzrə dünya yığmasının məşqçisi olan braziliyalı kifayət qədər nailiyyətlər də əldə edib. Beş il əvvəl Avropa Liqasının 3 mərhələsində yetirmələri çempion olan 31 yaşlı mütəxəssis Portuqaliya və qitə çempionu tituluna da yiyələnib. 2004-cü ildə Braziliya, növbəti il Rondonia ştatının qalibi olan Q. Silva iki il əvvəl Asiya və Rusiya çempionluğuna sevinib. Dünya çempionatında isə onun yetirmələri 6-cı yerlə kifayətlənib.
Qeyd edək ki, çimərlik futbolu və futzal üzrə beynəlxalq seminarlardakı mühazirələri ilə də tanınan Q. Silva Karlos Alberto Torresdən sonra Azərbaycana dəvət olunan ikinci braziliyalı baş məşqçidir.
0