Azərbaycan və Rusiyanın veteran futbolçuları arasında keçirilən beynəlxalq yoldaşlıq görüşü heç-heçə nəticələnib
04.05.2008 - 12:39
Azərbaycan və Rusiyanın veteran futbolçuları arasında keçirilən beynəlxalq yoldaşlıq görüşü heç-heçə nəticələnib
Bakı. Mehman Süleymanov – APA-Sport. Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə “Şəfa” stadionunda veteran futbolçular arasında beynəlxalq yoldaşlıq görüşü keçirilib. “APA-Sport”un məlumatına görə, “Neftçi” ilə SSRİ yığma komandasında çıxış etmiş futbolçular bu dəfə şərti olaraq “Bakı” və “Moskva” adlanan komandaların heyətində yer alıblar. 4:4 hesabı ilə başa çatan oyunda “Neftçi”dən Musa və Qurban Qurbanov qardaşları hərəyə bir qol vurublar. Rəqib qapısına qalan iki qol isə Q. Qurbanova qarşı qayda pozuntusuna görə təyin edilən penalti zərbələrindən sonra vurulub. Oqtay Abdullayevlə Mahir Musayevin yerinə yetirdiyi 11 metrlik cərimə zərbələri dəqiq olub. Rusiyalı veteranlardan İqor Simutenkov görüşdə “het-trik” edib. Faiq Əzizovun qoruduğu qapıdan daha bir qolu isə Marat Abyanov keçirib. Sabiq FİFA hakimi Tahir Süleymanovun idarə etdiyi matçdan öncə rusiyalı veteran Yuri Qavrilova anadan olmasının 55 illiyi münasibətilə hədiyyələr təqdim olunub. AFFA-nın inzibati binasında veteran futbolçularla keçirilən görüşdə baş katib Elxan Məmmədov assosiasiya rəhbərliyi adından xatirə hədiyyələri təqdim edib.
Qeyd edək ki, H. Əliyevin 85 illiyi münasibətilə növbəti yoldaşlıq görüşü mayın 9-da Sumqayıtda keçiriləcək. Saat 16:00-da Mehdi Hüseynzadə adına şəhər stadionunda başlayacaq matçda “Neftçi”nin heyətində çıxış etmiş veteran futbolçularla “Sumqayıt Veteranlar Klubu”nun üzvləri görüşəcək.
0