Əsgər Abdullayev ikinci dövrədə ukraynalı məşqçilərlə bacarmır
05.05.2008 - 14:32
Əsgər Abdullayev ikinci dövrədə ukraynalı məşqçilərlə bacarmır
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan çempionatının lideri yeni sindromla üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Bakının “Olimpik” klubu keçirdiyi son 4 matçdan yalnız birində qol vurub. Məhsuldarlıq göstəricisində Premyer Liqanın 7-ci komandası olan bakılılar “Neftçi”, “İnter” və “Simurq”la görüşlərdə cəmi 2 xal toplamaqla yanaşı, rəqib qapılarına yol tapa bilməyiblər. Maraqlıdır ki, bu klubların hər üçünə ukraynalı mütəxəssislər, müvafiq olaraq Anatoli Demyanenko, Valentin Xodukin və Roman Pokora rəhbərlik edir. İkinci dövrədə ukraynalı həmkarlarından heç birini məyus edə bilməyən “Olimpik”in baş məşqçisi Əsgər Abdullayev əvvəlki illərdə bu ölkədən olan məşqçiləri aşkar üstələyirdi. 2008-ci ilədək ukraynalı mütəxəssislərlə Premyer Liqada 13 dəfə üz-üzə gələn Ə.Abdullayev cari mövsümün birinci dövrəsindəki hər iki oyun daxil olmaqla 7 qələbə qazanıb, 5 heç-heçə edib, cəmi 1 dəfə məğlubiyyət acısı dadıb. Onun yetirmələri bu qarşılaşmaların yalnız 3-də qol vurmamışdılar. Son 22 gündə isə ukraynalı məşqçilərlə 3 dəfə qarşılaşan “Olimpik”in baş məşqçisi əvvəlki uğurunu təkrarlaya bilməyib.
0