Qyoko Hacievski: “Xəzər-Lənkəran” xal itirməsinin səbəbini rəqibdə yox, özündə axtarsın”
05.05.2008 - 14:42
Qyoko Hacievski: “Xəzər-Lənkəran” xal itirməsinin səbəbini rəqibdə yox, özündə axtarsın”
Onun bildirdiyinə görə, komandasının Premyer Liqanın hər iki oyununda “Xəzər-Lənkəran”a uduzmaması təsadüfi deyil: “Bakı” derbi matçlarına ciddi yanaşır. Unutmaq lazım deyil ki, ilk dövrədə “Neftçi”ni 5:1 hesabı ilə məğlub etmişdik. İkinci dövrədə “Neftçi” ilə yanaşı, “İnter” və “Olimpik”ə uduzduğumuz görüşlərdə hakim səhvləri nəticəyə təsir göstərib. “Xəzər-Lənkəran”la son səfər matçı isə turnir cədvəli baxımından bizim üçün prinsipial əhəmiyyət kəsb etmirdi. Bununla belə, qarşılaşmaya ciddi yanaşan “Bakı” “təmiz futbol” oynadı. Lənkərandakı əla stadionda, çılğın azarkeşlərin yaratdığı möhtəşəm atmosferdə Azərbaycan çempionu qarşısında imtahandan üzüağ çıxdıq”. 53 yaşlı makedoniyalı mütəxəssis “Xəzər-Lənkəran”ın arxayınlaşmasını istisna etməyib: “Ola bilsin ki, ötən həftə Lənkəranda “Masallı”ya uduzduğumuzdan rəqibdə arxayınçılıq yaranıb. “Xəzər-Lənkəran”ın futbolçuları fikirləşiblər ki, “Masallı” “Bakı”nı məğlub edirsə, biz niyə qalib gəlməməliyik. Etiraf edim ki, Lənkəran klubunda heyət daha güclü, futbolçu seçimi böyükdür. “Bakı” isə üç əsas hücumçusu Eli Sisse, Əhməd Ticani və Leandro Qomeşin yoxluğunda da “Xəzər-Lənkəran”dan xal ala bildi”. Qazandıqları bir xalı yetirmələrinin oyuna yaxşı köklənmələri ilə əlaqələndirən Q.Hacievski vurğulayıb ki, qolsuz bərabərliklə nəticələn qarşılaşmanın gedişini bilərəkdən uzatmayıblar: “Mən elə məşqçi deyiləm ki, futbolçulara belə tapşırıq verim. İndiyədək heç vaxt bunu deməmişəm, həmçinin, yetirmələrim bu hərəkətləri qəsdən etməyiblər. Sadəcə, meydandakı gərgin mübarizə, sürətli oyun zamanı komandamızın üzvləri tez-tez zədələnirdilər. “Xəzər-Lənkəran” “Bakı” ilə görüşdə xal itirməsinin səbəbini rəqibdə yox, özündə axtarsın. Rəqibin zəif cəhətlərini, nəticə qazana bilməməsini “Bakı”nın vaxt uzatması ilə əsaslandırması düzgün deyil”.
0