Fazil Əsədov: “Gənclərbirliyi” ilə oyunda faciə baş verdi”
05.05.2008 - 17:50
Fazil Əsədov: “Gənclərbirliyi” ilə oyunda faciə baş verdi”
Lənkəran. Mehman Süleymanov – APA-Sport. “Son turda “Masallı” ilə yanaşı, bir sıra digər komandaların görüşləri də şübhəli oyunlar kimi qələmə verilir. Belə xoşagəlməz, əsassız söhbətlər həmişə olub və olacaq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Masallı” klubunun baş məşqçisi Fazil Əsədov deyib. 41 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqasının XXIII turunda Sumqayıtda yerli “Gənclərbirliyi” komandasına bilərəkdən uduzmadıqlarını (0:1) söyləyib: “Oyundan əvvəl futbolçularla söhbətimdə söz-söhbətlərin yaranmaması üçün mütləq qələbə qazanmalı olduğumuzu demişdim. Ancaq həmin gün Sumqayıtda faciə baş verdi. Komandamızın heç bir üzvünü tanıya bilmirdim. Rəqib kobud oynadığından iki aparıcı futbolçumuz Vüsal Hüseynov və Teymur Dadaşov zədələnərək, meydanı tərk etdilər. Bəzi mövqelərdə məcburi dəyişikliklər etmişdim, ancaq onlar etimadı doğrultmadılar. Məğlubiyyətdən yaxa qurtarmaq üçün matçın son 15-20 dəqiqəsində üç hücumçu ilə oynasaq da, qol vurmağı bacarmadıq. Deyərdim ki, bəxt bizdən üz döndərmişdi”. Lider “Olimpik”lə matçda olduğu kimi, bu dəfə də penaltidən yararlana bilməyən Vüqar Nadirovun məsələsinə toxunan F.Əsədov əsəb gərginliyi keçirdiyini vurğulayıb: “Penalti zərbəsini Vüqarın yox, Boris Qonçarovun vurmasını istəyirdim. Ancaq Qonçarov 11 metrlik cərimə zərbəsini vurmağı Nadirova özü təklif edib. Görünür, bizim üçün asan başlayan matçın 14-cü dəqiqəsində Vüqarın özünəinam hissini artırması üçün bu addım daha məqsədəuyğun sayılıb. Güclülər dəstəsində baş məşqçi kimi debüt ilimdir və yaxşı nəticə göstərmək istəyirəm. Mən “Masallı”ya 9-cu turdan rəhbərlik edirəm. Həmin vaxt komandanın 7 xalı var idisə, indi hesabımızda 23 xal var. İlk “altılığ”a düşməyə şansımız qaldığından “Gənclərbirliyi”ni mütləq məğlub etməli idik. Uduzduğumuz üçün hələ də əsəb gərginliyi keçirirəm”.
Qeyd edək ki, F.Əsədovun rəhbərliyi altında “Masallı” ilk dövrədə “Gənclərbirliyi” üzərində 6:0 hesabı qələbə qazanmışdı.


0