Ramin Musayev: “Neftçi” ilə “Olimpik”in çempionluq şansları bərabərdir”
06.05.2008 - 12:40
Ramin Musayev: “Neftçi” ilə “Olimpik”in çempionluq şansları bərabərdir”
Onun bildirdiyinə görə, Azərbaycan Premyer Liqasının XXIII turunda lider “Olimpik”lə qolsuz bərabərliyə qalan “Simurq” mübariz komandadır: “Pokoranın yaratdığı kollektiv bizimlə oyunda da sonadək döyüşdü və xal aldı. “Simurq”un rəhbərliyi ilə yaxşı münasibətlərim var. Ancaq nə mən onlardan bizə xal verməyi xahiş etdim, nə də onlar buna razı olardı”. Hazırda “Neftçi”dən 3 xal irəlidə olan “Olimpik”i növbəti turda Yevlaxın “Karvan” klubu ilə sınaq gözləyir. R.Musayev “Karvan”ın da lideri büdrədəcəyini gözləyir: “Açığı, “Karvan”ı səfərdə bəxt sayəsində məğlub etmişik. Yevlax klubunun da “Olimpik”dən xal alacağını proqnozlaşdırıram. “Karvan” bizə qarşı nümayiş etdirdiyi oyunla, bu istəyinə çata bilər”. “Neftçi”nin vitse-prezidenti vurğulayıb ki, “Olimpik”lə çempionluq şansları bərabərdir: “Lakin son üç turda təqvim bizim üçün daha çətindir. “Xəzər-Lənkəran” və “Qarabağ”la ağır oyunlarımız var. Üstəlik, axırıncı turda qarşılaşacağımız autsayder ABN-dən də ehtiyatlanıram. Çünki Premyer Liqada qalmaq uğrunda gərgin mübarizə aparan bərdəlilər “Neftçi” ilə görüşdə bütün güclərini səfərbər edəcəklər. Necə deyərlər, təyyarədən atılan adam xilas olmaq üçün paraşütünü heç kimə verməz. Düzdür, “Olimpik”in də “Xəzər-Lənkəran”la çətin oyunu qalıb. Ancaq inanmıram ki, “Şöhrət” ordenli Ağasəlim Mircavadov sıravi həmkarına uduzsun”. R.Musayev mayın 11-də “Xəzər-Lənkəran”a qarşı keçiriləcək matç barədə bunları deyib: “İlk dövrədə səfərdə minimal hesablı qələbə qazanmışıq. Şübhəsiz ki, “Xəzər-Lənkəran” Bakıya qisas almaq məqsədilə gəlir. Buna baxmayaraq, “Neftçi” də 3 xal qazanmaq niyyətindədir”.
Qeyd edək ki, Premyer Liqanın XXIII turundan sonra “Olimpik” 54 xalla yarışın vahid lideridir.
0